BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə "OBA Market”ə basqın edən şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Səməndər Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, Səməndər Əliyevin ittiham olunduğu quldurluq maddəsi soyğunçuluq maddəsinə tövsif edilib və ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

 

İttihama görə, hadisə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən "OBA Market” MMC-yə məxsus 6 saylı mağazada qeydə alınıb. Rayon sakini, 1994-ci il təvəllüdlü Səməndər Əliyev sözügedən mağazaya müştəri qismində daxil olub. O, marketin vitrinində olan 1 ədəd 400 qram çəkidə 9 manat 15 qəpik dəyərində "Head and Shoulders” markalı saç şampununu və 1 ədəd 70 qram çəkidə 5 manat 19 qəpik dəyərində "Rexona” markalı ətri talayıb oradan uzaqlaşmağa çalışıb. Bu zaman zərərçəkmiş A.A. (şərti) onu görüb, ardınca qaçaraq Kürdəmir şəhəri Ü.Hacıbəyov küçəsində təqsirləndirilən şəxsə çatıb ələ keçirdiyi əmlakları geri qaytarmasını tələb edib. Daha sonra Səməndər cibindəki bıçağı çıxararaq zor tətbiq edib öldürəcəyi ilə hədələyib. Beləliklə, Səməndər Əliyev "OBA Market” MMC-yə ümumilikdə 14 manat 34 qəpik məbləğində ziyan vurmaqla quldurluq edib.

 

Kamal Məmmədov

Tarix: 14 Avqust 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin