BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ailə dəyərlərini qorumaq, monolitliyini saxlamaq dövlətin gücüdür” - RƏY

Azərbaycanda ailə, qadın və uşaq problemləri, gender strategiyası ilə bağlı qanunvericilik bazası yaradılıb, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən bir sıra vacib fərmanlar, xüsusi sahələr üzrə dövlət proqramları qəbul olunub. Xüsusən son illər ölkəmizdə gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması istiqamətində vacib layihələr həyata keçirilir. Azərbaycan müstəqil dövlət kimi Avropaya inteqrasiya edir, bir sıra beynəlxalq sənədlərə qoşulur. Lakin Avropa dəyərlərinin cəmiyyətimizə inteqrasiya etməsi bir sıra problemlər də gətirir. Əvvəlki illərlə müqayisədə boşanma sayının 10 mini keçməsi insanlarımız arasında ciddi narahatlıq yaradıb ki, mütəxəssislər bunun kökündə dayanan problemlərdən biri kimi Avropa dəyərlərini göstərirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, Ailə Psixologiyası İnstitutu yaradılmalıdır.

“Gənclər bir-birilərini tanımaya-tanımaya ailə qururlar. Biz bir dəfə dedik ki, heç olmasa gənclər 1 il nişanlı qalsınlar. Gənclər ailə qurmamışdan öncə Ailə Psixologiyası İnstitutuna müraciət etsinlər, görsünlər ki, bir-birilərinə həqiqətən uyğundurlar, yoxsa yox. Eyni zamanda nikahın pozulması qaydalarını bir az da sərtləşdirmək lazımdır. Bu gün kim istəyirsə, evlənir, 6 ay sonra deyir ki, boşanıram. Monitorinq aparılmalıdır. Əvvəllər qrant alırdıq, rayonlara gedə bilirdik. Rayonlarda gənc qızlarla, onların ana-ataları ilə maarifləndirici söhbətlər aparır, qızlara təhsil verilməsi məsələsini də qaldırırdıq. Hətta erkən nikahla bağlı qanun qəbul olunmasına da nail olduq. İndi isə bu məsələyə çox az miqdarda vəsait ayrılır. Müşahidə etsək, boşanma halları şəhərə nisbətən rayonlarda daha azdır. Şəhər mühitində qızlar çox sərbəstdirlər. Özləri pul qazanırlar, görürlər ki, həyat yoldaşı qazana bilmir, boşanırlar. Qızların bəziləri isə asan pul qazanmaq yolunu seçirlər. Boşanmaların səbəblərindən biri də budur. Baxın, yay ayları istirahət mərkəzlərində turistlərin sıxlıq təşkil etdiyi bir vaxtdır. Neçə-neçə gözəl qızlarımız kafelərdə, restoranlarda, istirahət mərkəzlərində ərəblərlə tanış olurlar. Bunun qarşısını almaq lazımdır. “İnstagram”, “TikTok” adət-ənənələrimizi məhv edir. Kişilər də gedib özlərinə yüz qız tapırlar. Əlbəttə, bununla da boşanmaların sayı artacaq.  Bunların hamısı göz önünüdədir və qarşısı alınmalıdır. Saytlarda bəzən bu istiqamətdə çox gözəl maarifləndirici yazılar oxuyuruq. Professor Əhməd Qəşəmoğlunun çox gözəl yazıları var. Onu da, psixloqları da, həkimləri də televiziya kanalları efirə dəvət etməlidirlər. Televiziyada ailə məsələləri ilə bağlı maarifləndirici layihələr olmalıdır. Cinsi azlıqların da sayı artıb. İndi bilmirsən ki, oğlanı, ya qızı qoruyasan. Bu, ciddi məsələdir. Birincisi, gender bərabərliyi ilə yanaşı ölkəmizdə doğum sayı azalıb. Demoqrafiya əldən gedir, xəstəliklər artır. Mediatorlar da yaxşı işləyirlər. Məsələn, Nadir Əbilov bu sahədə çox işlər görür. Amma bu, azdır”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə deyib ki, Azərbaycan Respublikası bütün sahələrdə suveren ölkə kimi qanunun aliliyini həmişə əlində rəhbər tutur, demokratik cəmiyyət quruculuğu sahəsində önəmli addımlar atılmasını təmin edir:

“Milli-mənəvi dəyərlər kontekstindən baxdıqda ailə dəyərləri, ailə institutunun qorunub-saxlanılması, inkişaf etdirilməsi, gənclər arasında bu dəyərlərin təbliğ olunması sahəsində həm müvafiq dövlət orqanları, həm QHT-lər, həm də yerli icmalar kifayət qədər iş görürlər. Lakin dünya qloballaşdıqca Azərbaycan da bu qlobal siyasətin bir parçası olduğu üçün sürətli informasiya axınının içində yad təsirlər, mental dəyərlərimizdən kənar təbliğatlar ölkəmizə də axın edir. Bu sahədə risk altında olan isə əsasən gənclərdir. Ailə quranların da mütləq əksəriyyəti gənclər olduğu üçün ölkəmizdə bu sahədəki problemlərin getdikcə böyüdüyünün şahidi oluruq. Son statistikaya görə, cari ilin yanvar-iyun ayları ərzində 24 146 nikah və 10 631 boşanma halı qeydə alınıbsa, bu, artıq bir siqnaldır, hər kəsi düşündürməlidir. Bu sahədə birinci işimiz maarifləndirmə metodlarıdır”.

 

Deputat bildirib ki, maarifləndirmə işində yükün böyük hissəsi kütləvi informasiya vasitələrinin üzərinə düşür: “İnsanlar televiziya, qəzetlər, saytlar vasitəsilə maariflənməlidir. Sosial şəbəkələrin də rolunu bu məsələdə qeyd etməliyik. Artıq görürük ki, gənclərin böyük əksəriyyəti hətta saytlardan, televiziyadan çox sosial şəbəkələrdə daha çox ünsiyyət qurur, məlumatlar alır. Bu istiqamətdə də işlər görməliyik. Maarifləndirmə dayanmadan, yorulmadan aparılmalıdır. Çünki ailə dəyərləri milli-mənəvi dəyərlərimizin ən alisidir. Ailə dəyərlərini qorumaq, monolitliyini saxlamaq dövlətin gücüdür, onun monolit olması üçün əsaslardan biridir, hətta ən vacibidir. Düşünürük ki, bununla bağlı qanunda boşluqlar varsa, üzərində işləməliyik. Haradasa əyintilər görürüksə, cəmiyyət olaraq bunun üzərinə getməliyik. Bu mənada durğunluq, laqeydlik olmaz. Hər birimiz çalışdığımız sahələrdə məsələnin aktuallığının saxlanılması üçün əlimizdən gələni etməliyik”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 19 Avqust 2023, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin