BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç uşaq anasını namus üstündə öldürən ata: “O, bizi hamının yanında rüsvay etmişdi” - HÖKM

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Füzulidə qızını qətlə yetirməkdə təqsirləndirilən Ağarəhim Niftəliyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: Rəsmi məlumata əsasən, hadisə 2022-ci ilin martında Füzuli rayon ərazisində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qızı, 1989-cu il təvəllüdlü Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Ağarəhim Niftəliyeva qarşı Cinayət Məcəlləsinin 120.1.-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqında Ağarəhim Niftəliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, mərhum qızı Ramilə Əsədovanın əxlaqsız hərəkətləri nəticəsində əri onu boşayıb. Ona görə də 3 uşağı ilə birgə onun yanında yaşayıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, qızına dəfələrlə bu yoldan çəkinməsini, ailəsinin şərəfinə ləkə gətirən hərəkətlərinə son qoymasını desə də, qadın olanlardan nəticə çıxarmayaraq, əxlaqsız hərəkətlərini davam etdirib. Hər dəfə də qızına “bu son olsun” deyərək onu bağışlayıb. Ramilə isə əxlaqsız hərəkətlərindən yenidən çəkinməyib. O, bütün bu olanların hamısının günahkarı qızı Ramilənin olmasını fikirləşib. O deyib ki, qızının hərəkətləri ilə onları hamının yanında biabır edib və ailəsinə hörmətsizlik gətirib. Atası həyətə çıxaraq Ramilənin yaşadığı əl damına gedib, onun yenə telefonla kiminləsə danışdığını eşidib, lakin kim olduğunu bilməyib. Bir daha Ramiləyə evdə oturmasını və heç yerə getməməsini deyib. Qadın isə “mənimlə işin yoxdur, hara gedəcəyimi özüm bilərəm” sözlərini deyib. Bu sözlərdən sonra özünü çox pis hiss edib, sanki bədəni əsib, çox bərk əsəbləşərək Ramilənin etdiyi hərəkətlər onu özündən çıxarıb. Ağarəhim yaşadığı evin mətbəxinə gəlib stolun üzərində olan bıçağı götürüb şalvarının cibinə qoyub, arvadı və gəlinlərinin zalda əyləşib televizora baxdıqlarını görüb Ramilənin yanına qayıdıb. İçəri girərkən Ramilənin yenə də kiminləsə telefonla danışdığını eşidib. Qadın onu görən kimi dərhal mobil telefonunu söndürüb əlində tutub. Ramilədən bir daha “sən kiminlə danışırsan, hara gedirsən?” soruşarkən qızı da “mən gedəcəm, işim var, sən məni saxlaya bilməzsən” söyləyib.

 

Təqsirləndirilən şəxs söyləyib ki, Ramilənin əxlaqsızlıq hərəkətlərindən əl çəkməyəcəyini başa düşüb, onun saçından tutub aşağıya doğru dartaraq mətbəxdən götürdüyü bıçağı cibindən çıxarıb. Həmin vaxt o, qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla bir neçə zərbə vurub. Qadının əynindəki paltarları qana bulaşmağa başlayıb. O, bunu görüb Ramilənin saçını buraxıb və qadın yerə yıxılıb. Bir neçə saniyə keçdikdən sonra qızı ayağa qalxaraq otaqdan çıxıb eyvana doğru qaçıb. Otağın qapısından çıxarkən yenidən Ramilənin saçından tutaraq dartıb. Qızı bir neçə addım hərəkət etdikdən sonra eyvanda yerə yıxılaraq huşunu itirib. Ramilənin alnına əlini vurduqda bədəninin soyuq olduğunu görüb. Artıq qızının öldüyünü başa düşərək qardaşı Nazirin oğlu Dostalıya zəng vuraraq qızı Ramiləni yaşadığı evdə öldürdüyünü bildirib. Onun dediyinə görə, Ramiləni öldürməsinə səbəb onun illərdir etdiyi əxlaqsız hərəkətlər, əxlaqsız hərəkətlərinə görə ailəsinin dağılması, əxlaqsız hərəkətlərini davam etdirərək onları hamının yanında rüsvay etməsi olub. Cinayəti ailəsinin şərəf və ləyaqətini ləkələmiş Ramilə Əsədovanın mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən əxlaqsız hərəkətlər etdiyinə görə, eyni zamanda ləkələnmiş namusunu təmizləmək məqsədi ilə törətməsini, yaşını, törətdiyi cinayəti etiraf etdiyini və ilk məhkumluğunu nəzərə alaraq ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 24 Avqust 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin