BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sosial, humanitar siyasət dəyişməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu siyasətə uyğun olaraq tələbləri yerinə yetirməlidir"

“Hansı məsələlərə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini tənqid edirlərsə, burada bəzi məqamlar yaddan çıxır. Deyirlər ki, boşanmaların sayı artıb, uşaqlara münasibət başqadır və s. Komitə bu məsələləri həll etmək səlahiyyətində deyil. Komitə icraçıdır. Ölkədə sosial, humanitar siyasət dəyişməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu siyasətə uyğun olaraq tələbləri yerinə yetirməlidir. Ayrı-ayrı məmurların davranışları kimisə narazı sala bilər. Məndə olan məlumatlara görə, Komitədəki insanlar əllərindən gələni etməyə çalışırlar. Hərdən bu məsələni müzakirə edirik. Məmur olmayan adam bilmir ki, məmurun imkanları həmişə məhdud olur. İmkan olmalıdır ki, məmur fəaliyyət göstərsin. Bu məsələdə iki tərəf var: siyasət dəyişməlidir və ola bilsin ki, Komitəyə daha savadlı, bacarıqlı işçilər yığmaq lazımdır. Məsələyə kompleks yanaşmalıyıq. Təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin özünü tənqid etmək düzgün deyil”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. 

 

O bildirib ki, Azərbaycanda Komitəyə aid olan işlərlə bağlı xeyli problemlər var: “Burada alimlərin də üzərinə müəyyən işlər düşür, onlar bu sahədə tədqiqatlar aparmalı, tövsiyələr hazırlamalıdırlar. QHT-lər də, kütləvi informasiya vasitələri də, qanunvericilik orqanları da bu məsələlərlə bağlı problemlərin həllində iştirakçı olmalıdır. Deməli, əvvəlcə lazım olan elmi əsaslarla ciddi fəaliyyət proqramı hazırlanmalıdır. Onda bilinəcək ki, kimin işi nədir, kim işi yerinə yetirmirsə, onun günahı var. Biz həmişə ümumi danışırıq - “boşanmalar niyə artır?”, “uşaqlara qayğı, diqqət niyə aşağıdır”, “qadınlara zorakılıq oldu...” Bunları danışırıq, amma həlli yolu haqqında danışana qulaq asmırıq. 20 ildir, SOS siqnalı çalıram. Axır illər daha tez-tez deyirəm ki, ay bala, bu məsələlərin, problemlərin həlli üçün ciddi alimlərin iştirakı ilə fəaliyyət proqramı hazırlanmalıdır. Onda problemlərin həlli üçün vacib olan işlər bir-biri ilə əlaqələndiriləcək. Məlum olacaq ki, qanunvericiliyimizdə, humanitar siyasətimizdə nə çatışmır? Nəyi dəyişmək lazımdır? Digər strukturlar nə etməlidir? Belə olan halda, Komitə də konkret öz işini biləcək”. 

 

Aytəkin Qardaşova 

Tarix: 29 Avqust 2023, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin