BURADA REKLAMINIZ OLA
BİLƏR

"Proses davam etsə, “Dəmir Yumruq” yenidən işə düşmək məcburiyyətində qalacaq” - RƏY

Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, ordusunun darmadağın edilməsi və fiaskosu ilə başa çatdı. Buna rəğmən, müharibənin nəticələrindən dərs almayan Ermənistan rəhbərliyi aqressiya və radikalizmi davam etdirir, təxribatlarına son qoymaq əvəzinə vəziyyəti qəsdən gərginləşdirir. Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə yardım etməsini qəbul edə bilməyən bilməyən Ermənistan öz kinini, nifrətini terror gücü ilə qusmağa çalışır. Lakin dövr o dövr deyil. Artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərinə açıq gözlə baxmağa başlayıblar. Ermənistanın təxribatları heç bir nəticə verməyəcək. İrəvanın sülhə getməkdən başqa yolu yoxdur. Əks halda Azərbaycanın güclü ali siyasi rəhbərliyi, yenilməz Ordusu, daim  hazır “Dəmir Yumruğu” var!

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev deyib ki, Azərbaycan sərhədində güclü təxribat gedir.

O bildirib ki, təxribat ermənilər tərəfindən həyata keçirilsə də, arxasında Rusiya, Fransa, Kanada və digər görünməyən dövlətlər durur: “Məqsəd Azərbaycan və Ermənstan arasında sülh müqaviləsinin bağlanmamasıdır. Çünki Qərbin maraqları yüksək səviyyədə təmin olunmayıb, Rusiyanın maraqları qorunmur. Bunlar belə düşünürlər. İran da öz maraqlarını gündəmə gətirir. Belə bir şəraitdə Ermənistanın indiki rəhbərliyi kifayət qədər siyasətdən uzaq, "dişsiz" Nikol Paşinyan olduğuna görə nə qədər hay-küy salsalar da, bunların dövlətçilik təcrübəsi yoxdur. Buna görə də Xankəndində separatçılar da fəaliyyəti gücləndiriblər. Rus icması da yaradılıb. Azərbaycan əleyhinə hədyanlar gündəmə gəlir. Artıq Qarabağda ermənilərin fəaliyyətini yüz illərdən min illərə keçiriblər. Görünən budur ki, Rusiyanın təhlükəsizlik orqanları bütün hallarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qəti əleyhinədirlər, çalışacaqlar ki, sülh alınmasın. Artıq ermənilər PUA-larla hücum edirlərsə, bu PUA-lar İran və Hindistandan gələnlərdir. Buna baxmaq lazımdır. Rusiyadan da gələ bilər. Azərbaycan Ordusu artıq cavabını verib, iki erməni əsgəri məhv edilib, biri yaralanıb. Sentyabrın 2-də əldəqayırma qurumun “müstəqillik günü” qeyd olunacaq, eyni zamanda İrəvanda Azadlıq meydanında Köçəryanın iştirakı ilə “Daşnakstyun” partiyası və erməni kilsəsi birgə mitinq planlaşdırır. Araik Arutyunyanı istefaya göndərəndən sonra ardınca birmənalı şəkildə Nikol Paşinyan istefaya göndəriləcək. Rusiya burada böyük maliyyə buraxıb. Vardanyan çox yaxşı “işləyir”. Bunu etiraf edək. Qorxmaq lazım deyil, açıq demək lazımdır ki, “Azadlıq Radiosu”, Meydan TV və Milli Şura, Azərbaycan Xalq Cəbhəsi kimi partiyaların əli ilə Vardanyan çox ustalıqla öz siyasətini həyata keçirir, Azərbaycan dövlətinin əleyhinə təbliğat aparır, xalqı ruhdan salır, Azərbaycan Ordusunun qazandığı qələbələrə kölgə salır. Bunların xaricdəki əlaltıları, qaraqışqırıq salanları, hazırda Azərbaycan əleyhinə işləyən qüvvələr - hamısı bu və ya digər formada Vardanyandan maliyyələşən qüvvələrdir. Azərbaycanın ən azı media qurumları buna bir çəki-düzən verməlidir”.

 

Politoloq deyib ki, anti-terror əməliyyatlarının miqyasının böyüyəcəyini gözləyir: “Əsas məqsəd budur ki, Azərbaycan Ordusu şərti sərhədi keçsin, Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə ittiham etsinlər, KTT-nin 4-cü maddəsini gündəmə gətirsinlər. Yəni Azərbaycanı bir növ müharibəyə çəkirlər. Müharibə nəticəsində Azərbaycanın qazandığı qələbələri əlindən almaq istəyirlər. Azərbaycan Prezidenti çox ağıllı hərəkət edir. Bu dəqiqə Azərbaycanın bütün qurumları yüksək səviyyədə işləyir. Bu şəkildə davam etməlidir. Həm Prezident, həm də köməkçisi Hikmət Hacıyev, Xarici İşlər Nazirliyi çox yaxşı işləyir. Azərbaycan mediası Vətən müharibəsindən sonra xeyli düzəlib, kifayət qədər güclü işləyir. Biz fəaliyyətimizi dayandırmamalıyıq. Bütün hallarda informasiya müharibəsi də, ideoloji müharibə də, iqtisadi, hərbi, siyasi müharibə də getməlidir. Bütün sahələrdə hücuma keçməliyik. Bizə ayrı şans qoymadılar. Müharibə ola bilər. Bu ehtimal 50-50-yədir. Proses sabah da davam etsə, artıq yenidən “Dəmir Yumruq” işə düşmək məcburiyyətində qalacaq”.

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli isə prosesləri belə şərh edib:

Əziz Əlibəyli: “Şəhid dəfnlərinə fars mərsiyələri ilə kimlərdir  daraşanlar?” Pravda.az

“Nədənsə “humanitar yük maşınları” dərhal çevrilib oldu silahlı maşınlar, tank, piyadalarla döyüş maşını. Siyasi mənada desək, təxribatı humanitar TIR-lardan dərhal hərbi səngərlərə çəkdilər. Bu proses başlandı. Düşünürəm ki, terrorçuların istəyi cəbhəni erməni kəndlərinə çəkməkdir. Onlar mülki evlərə daxil olublar, orada mənzilləniblər. Döyüşlər şiddətlənir. Basarkeçər istiqaməti, Göyçə zonası, Kəlbəcər, Zod – bunlar şərti sərhəd istiqamətindədir. Onsuz da sülh prosesini əldə etmək imkanı itirildikdən sonra döyüşün baş verməsi gözlənilən idi. Erməni tərəfi də uzun müddət idi ki, silah-sursat yığırdı. İndi də onları işlətməyə başladılar”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

Tarix: 1 Sentyabr 2023, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin