BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərif Ağayar: "Yalnız detektiv əsər oxumaq mütaliədən çox bir az əyləncəni xatırladır"

Azərbaycanda gənclərin detektiv janrda kitablar oxumalarına qadağa qoyulması barədə təklif irəli sürülüb. Müzakirələr zamanı bildirilib ki, detektiv janrda yazılmış kitabların gənclərə mənfi təsirləri çoxdur. 

 

Təklifə münasibətini bildirən tanınmış yazıçı Şərif Ağayar Pravda.az-a deyib ki, yaradıcı sahədə - istər oxumaqda, istər yazmaqda hər hansı qadağanın qəti şəkildə əleyhinədir.

 

“Bu necə yanaşmadır ki, detektiv janrı gənclərə qadağan edək? Qətiyyən belə düşünmək olmaz. Detektiv janrı ciddi ədəbiyyat sayan və saymayanlar var. Bu, başqa söhbətdir. Mənə görə, detektiv əsər də oxumaq olar. Mən oxumuram, amma oxuyanlara pis baxmıram. Heç kimə “oxumayın” da demirəm. Sadəcə, təkcə detektiv əsər oxumaq yanlışdır. Hətta mənim elə dostlarım var ki, yalnız detektiv janrı oxuyurlar. Sözün düzü, onları başa düşmürəm. Yalnız detektiv əsər oxumaq mütaliədən çox bir az əyləncəni xatırladır. Hər şeyi oxumaq lazımdır. Ciddi ədəbiyyatı da mütləq oxumaq lazımdır. Mütaliə, kitab sevən adam Folkneri, Çingiz Aytmatovu, Heminqueyi, Tolstoyu, İsa Hüseynovu mütləq oxumalı və tanımalıdır. Onları tanıyandan sonra bir də qayıdıb detektiv oxuyacaqsa, artıq bu, başqa söhbətdir. Məncə, oxumayacaq. Ola bilər ki, hansısa əyləncə, yüngül oxu  kimi detektivə müraciət etsin. Məşhur söz var - çimərlikdə oxunan əsərlər. Ancaq bu cür oxuya bilərlər. Necə ki biz caz, opera, klassik musiqi dinləyirik, eyni zamanda ola bilər, meyxanaya da, yüngül estradaya da qulaq asaq. Bu, mümkündür. İnsanıq, əhval-ruhiyyəmiz elə olur ki, Tarkovskiyə də baxırıq, Berqmana da, eyni zamanda yüngül sitkomlara da... Bu mənada, detektiv janr oxumağa qadağa qoymaq yox, sadəcə, təbliğat aparmaq lazımdır ki, insan yalnız detektiv oxumamalıdır. Çünki bu, yarımçıq mütaliədir. İnsanları buna inandırmaq lazımdır ki, öz oxu menyularını zənginləşdirsinlər, daha ciddi, düşündürücü, dərin mətləblərə, ustaca mətnlərə gəlib çıxa bilsinlər. Məsələnin vacib tərəfi budur, nəyinsə qadağan olunması deyil”, - yazıçı qeyd edib.

 

Aytəkin Qardaşova 

Tarix: 11 Sentyabr 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin