BURADA REKLAMINIZ OLA
BİLƏR

Sığınacaqlarda və ucqar kəndlərdə yaşayan uşaqların təhsil problemi niyə həll edilmir? - ARAŞDIRMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası, adaptasiyası hər zaman göz önündə tutulmalı, ayrıca diqqət tələb edən məsələdir. Məhz bu fonda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işlər xüsusi qeyd edilməlidir. Lakin bu məsələdə konkret şəxs deyil, cəmiyyət də məsuliyyət hiss etməli, aidiyyəti üzrə problemlərin həllinə can atmalıdır. Bütün uşaqlar üçün, əsasən də xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayanların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilsə də, bəzən bu, yetərli olmur. Problemlər isə daha çox təhsil sahəsində nəzərə çarpır. Belə ki, aparılan monitorinqlər və araşdırmalar Azərbaycanda xüsusən yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu göstərir. Araşdırmalarımız nəticəsində bu da məlum oldu ki, təhsil almaq hüququndan məhrum olan uşaqların arasında, əfsuslar olsun, sığınacaqlarda yaşayanlar üstünlük təşkil edir. Son günlər bu problemi yaşayan sığınacaqlardan biri Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınağacağı Reinteqrasiya Mərkəzidir.

 

Məsələni daha ətraflı araşdırmaq üçün Pravda.az sözügedən Mərkəzin rəhbəri, “Azərbaycan” Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadənin fikirlərini öyrənib. 

 

 

K.Ağazadə problemlə bağlı saytımıza açıqlamasında mühüm nüanslara toxunub: “Müraciət hüquq-mühafizə orqanları, digər aidiyyəti qurumlar tərəfindən olduğu zaman bu uşaqlar sosial cəhətdən çox həssas və təhlükəli vəziyyətdə olan uşaqlar kimi sığınacağımıza yerləşdirilirlər. Əksəriyyəti, demək olar, 95%-i zorakılığın müxtəlif formalarına məruz qalmış uşaqlardır. Baxırıq ki, məktəb yaşında olan uşaqların 80%-i birmənalı şəkildə təhsildən yayınıb. Ad məktəbdə gedib, amma uşaq məktəbə getməyib. Məktəbə getmədiyinə görə bir müddət sonra adı sistemdən çıxarılıb. Bu, həmin uşağın təhsildən kənarda qalması, təhsil almaq hüququnun pozulması deməkdir. Bir qrup uşaq var ki, sığınacağa yerləşdirilən zaman əlimizdə heç bir sənədi, heç bir əsas olmur. Ya uşaq özü adını deyir, ya da demir. Uşaq körpə gələndə, ümumiyyətlə, onun kimliyi müəyyən olunmur. Polis, əslində, bu istiqamətdə iş aparıb araşdırma həyata keçirir, amma uşağın kimliyi yenə də məlum olmur. Heç valideyn haqqında da məlumat olmur. Bu kateqoriyadan olan uşaqların sənədləşdirilməsi, doğum faktının müəyyənləşdirilməsi illər çəkir. Əslində, biz də prosedur təklif etmişik ki, Nazirlər Kabineti bunu nəzərə alsın, qanun layihəsi təqdim olunsun, qanunvericilikdə dəyişiklik edilsin. Operativ, çevik bir qrup yaradılmalıdır ki, kimsəsiz uşağın kimliyinin müəyyən olunması məhkəmələrdə uzun-uzadı təxirəsalınan işə çevrilməsin. Məktəbə getməyən və yaşları 10, 11, 13, 15 olan sənədsiz uşaqlarımız var. Bu uşaqlar fərdi təhsilə cəlb olunmalıdırlar. Problem budur ki, bir tərəfdən uşağın sənədi yoxdur, digər tərəfdən  təhsil hüququnun bərpasını istəyirik, paralel olaraq da onun öz yaşıdları ilə bir parta arxasında oturmaq imkanı yoxdur. Deməli, həm sənəd düzəlməlidir, həm də uşağın fərdi təhsilə cəlb olunması istiqamətində iş aparılmalıdır. Fərdi təhsil isə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən çətin prosesdir. Çünki fərdi təhsil zamanı müəllim üçün ayrıca əmr hazırlanmalı, maliyyə ayrılmalıdır. Axı müəllim öz dərs yükündən əlavə fərdi təhsillə də məşğul olacaq. Bu prosesdə o qədər bürokratik əngəllərlə qarşılaşırıq ki. Ötən il üç qızla bağlı müraciətimiz olmuşdu. Birini bu halda fərdi təhsilə cəlb etmək mümkün oldu ki, biz o qızın doğum haqqında şəhadətnaməsini əldə edə bildik, hazırladıq. Digər iki qızdan birinin artıq 16 yaşı var idi. Dedilər ki, mümkün deyil, təhsil ala bilməz. İkinci qızın isə sənədində problem var idi, sənədi düzəlməmişdi. Bu səbəbdən o uşaq da təhsil ala bilmədi. Bu il isə bizim fərdi təhsilə cəlb olunası uşaqlarımızın sayı 10 nəfəri keçib. Bu, çox ciddi siqnaldır”. 

 

Kəmalə Ağazadə ilə söhbətimizdə bu da məlum oldu ki, problem təkcə onun rəhbərlik etdiyi sığınacaqda deyil, ümumi ölkə üzrədir: “Mən hələ demirəm ki, "qaynar xətt"imizə nə qədər müraciətlər var. Deyirlər ki, uşaqlarımızı qeydiyyatdan keçirə bilmirik, kömək edin. “Uşağımı məktəbə qoya bilməmişəm, vaxtı keçib, kömək edin, mənə imtina verirlər...” Ay balam, bu uşağa niyə imtina verirsiniz, onsuz da cahildir də. Bir dəvət edin, araşdırın, fərdi təhsilə yönəltmək lazımdırsa, fərdi təhsilə yönləndirin. Mən deyim ki, bu, nazirin günahıdır? Yox. Çünki böyük bir Nazirlikdə hər sektora cavabdeh olan qocaman insanlar oturur. Bu qocaman insanlar sadəcə qocamanlıqlarından istifadə edib, işə bir qədər operativ reaksiya vermir və ya ümumiyyətlə, reaksiya vermək istəmirlər, çünki onlar “qocamandırlar”. Təhsildən yayınma halları, məktəbdə sadəcə adı gedən uşaqlar çoxdur. Bunun monitorinqi olmalıdır. Elə regionlar var ki, qızlar 5-6-cı siniflərdən sonra, ümumiyyətlə, məktəbə getmirlər. Nazirlikdəki o qocamanlar qalxıb ucqar məktəblərə gedib baxsalar, görəcəklər ki, təhsildən nə qədər kənarda qalan uşaqlar var. Bu isə bizim cəmiyyətə xələl gətirir”. 

 

Kəmalə Ağazadənin toxunduğu regionlarda təhsildən yayınma halları ilə bağlı problemi də araşdırdıq. Təhsil eksperti Kamran Əsədov məsələ ilə əlaqədar bir sıra faktları açıqladı.

 


Kamran Əsədov: “Məcburi

 

Onun sözlərindən belə qənaətə gəlmək mümkündür ki, təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb nikahdankənar doğulan uşaqlardır: “Nikahdankənar uşaqların çoxu erkən nikahlardan yaranır. 2013-2021-ci  illərdə nikahdankənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35%-i məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxarır. Təəsüf ki, rəqəmlər vəziyyətin ürəkaçan olmadığını göstərir. Halbuki qanunvericilikdə, Cinayət Məcəlləsində konkret olaraq buna görə ciddi məsulliyyət, cəza nəzərdə tutulsa da, hələ indiyə qədər bu həyata keçrilməyib. Bu valideynlər ilk növbədə vətəndaşın konsitutsion hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42–ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ var.  Onlar bu hüququnu əlləridən alırlar. İnzibati Xətalar, Cinayət Məcəlləsində hətta valideynlərin valideynlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qrumlar bu məsələdə susurlar”.

 

K.Əsədov vurğulayıb ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında da müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir: “Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam bundan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir və  artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Apardığımız araşdırmalardan məlum olur ki,  kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir. Bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır və bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər. Bu da onların gündəlik həyat tərzinə çevrilir. Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkülə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər”. 

 

Ekspert bildirib ki, DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda bu mənzərəni açıq şəkildə görürük: “Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında, demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir. Qızların təhsildən yayınması ilə bağlı apardığım tədqiqatlar  göstərir ki, doğrudan da Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhriketmə ilə bağlı azadlıqdan məhrumetmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır”. 

 

Problemə hüquqi aspektdən tanınmış vəkil Rəşad Əliyev belə qiymət verib:

“Konstitusiyaının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bu normaya görə, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Sığınacaqda böyüyən uşaqların hər hansı sənədinin olmaması onun konstitusion hüququ olan təhsil almaq hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Əgər uşağın məktəbdə təhsil almaqdan ötrü müraciət edilməsi üçün  zəruri sənədlər yoxdursa, həmin sənədləri təmin etməli orqana, məsələn, doğum haqqında şəhadətnamə üçün Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrinə, şəxsiyyət vəsiqəsi üçün Daxili İşlər Nazirliyinin müvafiq qurumuna və s. müraciət edilməlidir. Həmin sənədi vermək aidiyyəti qurumların vəzifəsidir”. 

 

Xüsusi qeyd: Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Məhz buna görə də uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilir. Bu gün dünyanın bir çox yerində mövcud olan insan hüquqlarının pozulması məsələsi uşaqların fonunda daha da böyüyərək müdaxilə edilməsi daha çətin bir vəziyyət formalaşdırıb. Beynəlxalq Əfv Təşkilatının bəyanatına görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarında, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində uşaq hüquqlarının pozulması məsələsi daha böyük ölçüdə yer alır. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşağa potensial olaraq ailənin fenomenindən kənarda qalan, sadəcə ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi, sosial təminat vasitəsi kimi baxılır. Başqa sözlə desək, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. 

 

Uşaq hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib, 1990-cı ildən qüvvəyə minib. Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir. Dünyanın hər bir yerində yaşayan uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edilməlidir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir və Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir və uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 15 Sentyabr 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin