BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan hökuməti elə bir strateji, diplomatik münasibətlər qurub ki..." - RƏY

Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyinin həyata keçirdiyi diplomatik-siyasi xəttin əsas məqsədlərindən biri ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq təşkilatlarla, region ölkələri və digər dövlətlərlə münasibətlərin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platformasını formalaşdırmaqdır. Bu istiqamətdə Azərbaycan qarşıya qoyduğu hədəflərə çatmaq üçün keçən dövr ərzində çox mühüm addımlar atıb və atmağa davam edir. Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ və Fransa ilə münasibətlər daim mühüm yer tutub. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi yolla, öz gücü hesabına qazandığı misilsiz qələbəsindən ötən 3 il göstərdi ki, ölkəmizin bu uğuru dünyanın bir çox hegemon dövlətləri, güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılanır. Təəssüf ki, son günlər Ermənsitan və Azərbaycan arasında mövcud olan gərginlik fonunda ABŞ-nin ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar, riyakar bəyanatları məhz bunu deməyə əsas verir. Paralel olaraq Fransanın da açıq ermənipərəst siyasəti bu gün Parisi regional proseslərdən tam təcrid edib, vasitəçilik ümidlərinə son qoyub.

 

Mövzu ilə əlaqədar Pravda.az-a açıqlama verən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzü Hicran Hüseynova deyib ki, son illər Fransa dövlətinin həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə tənqid olunmaqdadır.

Deputat bildirib ki, xüsusilə Emmanuel Makron hakimiyyətə gəldikdən sonra bu yanaşma daha da irəliləyib: "Maraqlıdır ki, Fransanın bir çox məsələlərə dair mövqeyi artıq Avropanın özündə, dünyada ciddi narazılıqlarla qarşılanır. Malik olduğundan daha artıq gücə sahiblənmək istəyən Makron hakimiyyətinin addımları, iddiaları bütün dünyada birmənalı qarşılanmır. Fransa dünyada sülh, inkişaf üçün çalışdığını bəyan edir, ancaq reallıqda qeyri-sabitliyə, münaqişələrin daha da dərinləşməsinə, müxtəlif regionlarda gərginliyin yaranmasına səbəb olan addımlar atır, siyasət yürüdür. Əslində burada qeyri-adi heç nə yoxdur, çünki Fransanın tarixinə nəzər salsaq, görərik ki, bu, müharibələr aparan, soyqırımları törədən, müstəmləkəçilik siyasətinə, işğal, imperialist maraqlarına xidmət edən bir dövlətdir. Fransa öz qanlı tarixindən ibrət götürmür, əvəzində eyni siyasəti davam etdirir, hegemonluq iddialarından əl çəkmir. Afrika, Yaxın Şərq bunun canlı nümunəsidir. Biz bunun daha bir nümunəsini, əlbəttə ki, Azərbaycana münasibətdə görmüşük və görməkdə davam edirik".

 

H.Hüseynova vurğulayıb ki, Fransa, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı açıq şəkildə qərəzli siyasət aparmağa başlayıb: "Separatizmə dəstək verməklə bu ölkə Avropa dəyərlərinə, beynəlxalq hüquqa xəyanət etmiş olur. Fransanın siyasəti barışa, sülhə deyil, qeyri-sabitliyə yönəlib. Paris Cənubi Qafqazda gərginliyin qalmasında, Azərbaycanla Ermənistan arasında barışın olmamasında maraqlıdır. Bunun üçün bütün vasitələrdən istifadə edir. Fransanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqeyi heç bir məntiqə sığmır və qəbuledilməzdir. Məlumdur ki, dünya ermənilərinin və Ermənistanın reallıqdan uzaq olan maraqlarını qorumaq ideyası əsasında formalaşan lobbi qruplarının əsas mərkəzlərindən biri də Fransada yerləşir. Dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm də Parisin xarici siyasətinə ciddi təsir imkanları var. Həmçinin heç bir ədalətə, hüquqa əsaslanmayan davranışları ilə tarixə düşən Fransa, onun ayrı-ayrı siyasətçiləri məhz erməni lobbisinin sifarişini yerinə yetirirlər. Fransanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında keçirilən iclasda heç bir nəticənin olmaması da, BMT TŞ-nin Qarabağla bağlı iclasının yekunu da birgə hərəkət edən Ermənistan və Fransanın diplomatik fiaskosudur. Makron hakimiyyəti nə qədər erməni separatizmini müdafiə etsə də, istədiyinə nail ola bilməyəcək. Azərbaycan Respublikasının Prezidentinin uzaqgörənliklə həyata keçirdiyi balanslı siyasət, əksər ölkələrlə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı fayda verən yüksək əməkdaşlıq münasibətləri sayəsində, həmçinin ölkənin xarici işlər naziri Ceyhun Bayramovun fakt və arqumentlərə əsaslanan çıxışı Ermənistanın və Fransanın siyasi-diplomatik məğlubiyyəti ilə nəticələndi. Çünki haqlı olan Azərbaycandır!"

 

Deputat əlavə edib: "Milli Məclisin sədri xanım Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycanın mübarizəsini, onun əsl mahiyyətini çatdırır. Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə aktiv iş aparılır. Qrupun üzvləri hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər. Onlardan bir neçəsi ölkəmizdə səfərdə olub, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərin nəticələrini öz gözləri ilə görüblər. Ümumiyyətlə, Milli Məclis müxtəlif ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatlarlarla sıx əməkdaşlıq edir, Azərbaycanın haqlı mübarizəsi, mövqeyini çatdırır. Bu istiqamətdə Parlament diplomatiyası fəal iştirak edir. Sentyabrda Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslərin və hərbi qulluqçuların həlak olub və yaralanması, eyni zamanda Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən anti-terror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar".

 

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərovun sözlərinə görə, Cənubi Qafqaz regionu elə bir mövqedə yerləşir, bir çox ölkələrin maraqları üst-üstə düşür:

"Lakin hazırda Azərbaycan hökuməti elə bir strateji, diplomatik münasibətlər qurub ki, regionda əksər maraqlar Azərbaycan dövlətinin milli maraqlarına tam şəkildə cavab verməlidir. Beynəlxalq aləmdəki mövqeyimiz 90-cı illərdən bu günə kimi olduqca fərqli təzahür edir. Deyərdim ki, xüsusilə Amerikanın Qarabağ məsələsinə mövqeyi olduqca təzadlı olub. Məlumdur ki, ABŞ konqresinin üzvlərinin əksəriyyəti ermənipərəst mövqedən çıxış edirdi. Lakin Amerika hökuməti və hökumət təmsilçiləri hər zaman münaqişənin tənzimlənməsinin faydalı olduğu istiqamətdə açıqlamalar verirdilər. Bu 30 ildə konqresin mövqeyi ilə yeri gəldi Amerika prezidentlərinin də açıqlamaları üst-üstə düşmədi, lakin bütün hallarda Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT-nin 4 qətnaməsi var və beynəlxalq aləm də ancaq bu mövqedən çıxış edə bilər. Amerika Birləşmiş Ştatlarının qanunverici, məhkəmə və icra hakimiyyəti orqanlarının "Dağlıq Qarabağ" münaqişəsi barədə mövqeyi dəyişməz qalır. ABŞ Qarabağdakı oyuncaq rejimin müstəqilliyini tanımır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Elə Azərbaycan xarici işlər nazirinin ABŞ Prezidenti cənab Co Baydenlə də görüşünün səmimiyyəti bir daha Amerikanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsindən xəbər verir".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 23 Sentyabr 2023, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin