BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dövlət bağçalarında tibb və psixoloq xidməti çox cüzidir, ya da yoxdur”

“Hazırda ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Bu uşaq bağçalarında 123 min uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Uşaqlarımızın təlim-tərbiyəsi ilə uşaq bağçalarında 18 minə yaxın pedaqoji tərbiyəçi və texniki heyət məşğul olur. Bu, ölkə ərazisində ümumi uşaqların yalnız 25%-i deməkdir. Yəni ölkə ərazisində uşaq bağçaları və körpələr evinin sayı, onların uşaq tutumu ümumi uşaqların yalnız 25%-ə qədərini qarşılamağa imkan verir. Bu, o qədər də böyük rəqəm deyil. Buna baxmayaraq, bağçalarda pedaqoji heyətin bilik və bacarıqları da elə yüksək səviyyədə deyil. Paralel olaraq uşaq bağçalarında digər xidmətlər - psixoloq, həkim xidmətləri də qənatəbəxş deyil”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, son 10 il ərzində Heydər Əliyev Fondu, xüsusilə Birinci vitse prezident Mehriban Əliyeva tərəfindən uşaq bağçalarının maddi-texniki bazalarının yaxşılaşdırılması, onların müasir standartlara cavab vermələri istiqamətində ciddi işlər görülüb: “Bu tipli uşaq bağçaları təmir olunaraq istifadəyə verilib, lakin biz uşaq bağçalarında azyaşlı, yetkinlik yaşına çatmamış uşaqların psixoloji vəziyyəti ilə bağlı xidmətləri, xüsusən tibb xidmətini görə bilmirik. Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd olunur ki, 1 il ərzində 16 minə yaxın uşağın xəstəliyə yoluxma halları müşahidə olunub. Bu rəqəm aylar üzrə müxtəlif formalarda dəyişib. Bu, ona görədir ki, uşaq bağçalarında həkim xidmətləri yoxdur, bəzilərində isə çox aşağı səviyyədədir. Tibbi xidmətin mövcud göstərilmə qaydalarına əsəsən, yerli poliklinikalar orta ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə ən azı növbəli şəraitdə belə olsa, həkim kontingentini cəlb etməlidirlər. Amma bilirik ki, hazırda ölkədə ümumi həkimlərin sayı azdır. 52 minə yaxın həkim var, onların yalnız 26 minə qədəri yüksək təhsilə malikdir. Bütün bu rəqəmlər deməyə əsas verir ki, hazırda təhsil müəssisələrində tibbi xidmətin göstərilməsi problemdir”. 

 

Ekspertin sözlərinə görə, cəmi 4432 orta ümumtəhsil məktəbinin 2900-də psixoloq ştatı var, yaxud bu xidmətin göstərilməsi mümkündür: “Hesab edirəm, ciddi iş görməliyik. Məktəbəqədər, orta və ali təhsil müəssisələrində tibbi xidmətin göstərilməsinin keyfiyyətini artırmaq məqsədilə plan yerini artırmalıyıq. Çünki bu, strateji bir məsələdir. Biz daha çox tələbəni tibb ixtisasına qəbul etməliyik ki, onlar gələcəkdə məktəbəqədər, orta ixtisaslı təhsil müəssisələrində, ali məktəblərdə işləyə bilsinlər. Hazırda yalnız özəl bağçalarda tibbi və psixoloji xidməti görə bilirik. Dövlət bağçalarında bu xidmət çox cüzidir, ya da yoxdur. Bunun əsas səbəbi yetəri qədər kontingentin olmamasıdır. Baxmayaraq ki, 2016-cı ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanunda bu, bir tələb olaraq ortaya qoyulub, amma yetərli qədər kadrın olmaması bunu həyata keçirməyə imkan vermir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 25 Sentyabr 2023, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin