BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayaz Mütəllibov: “Ermənistan başqa planetə köçüb gedəsi deyil...”

Azərbaycan və erməni jurnalistlərinin son qarşılıqlı səfərləri cəmiyyətdə lazımi qədər olmasa da, müzakirələr yaratdı. İndi isə deputatların gediş-gəlişinə hazırlıq görülür... Qarabağsevər vətəndaşların əksəriyyəti bu cür səfərlərin torpaqlarımızın azad edilməsi üçün heç bir fayda daşımadığını, əksinə, işğalçı ölkənin xeyrinə olduğunu hesab edir və buna qarşı çıxır…

 

Görəsən, Azərbaycan Respublikasının birinci Prezidenti  müstəqilliyimizin artıq erməni işğalının başlandığı ilk ağır, mürəkkəb illərində ölkəyə başçılıq etmiş Ayaz Mütəllibov bu haqda nə düşünür. Sabiq dövlət başçısı Moderator.az-a açıqlamasında gerçəkliyi əks etdirən fikirlər səsləndirib:

 

“İlk baxışdan Ermənistan, Azərbaycan və işğal altındakı Dağlıq Qarabağ ərazimizdəki jurnalistlərin, eləcə də deputatların planlaşdırılan qarşılıqlı səfərləri özlüyündə pis hal deyil. Lakin bu şərtlə ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılsın və məcburi köçkün vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıtsın. Yalnız həmin şərtlər daxilində biz gələcəkdə bu xalqla yanaşı yaşamağa hazır ola bilərik. Biz ağrılı-acılı günlər yaşamışıq, torpaqlarımız işğal edilib, 1 milyona yaxın insanımız qaçqın düşüb, on minlərlə şəhidimiz olub və s. Nə qədər çətin də olsa,  gələcək nəsillərimizin, nəvə-nəticələrimizin bir daha belə günlər yaşamasına imkan verməməliyik. Əlbəttə ki, Vətəni qorumaq, torpaqların azad edilməsi uğrunda ölümə də hazır olmaq hər bir vətəndaşın borcudur. Lakin nə qədər ki, məsələnin sülhlə həll olunmaq şansları bitməyib, buna çalışmaq lazımdır. Hərbi gücə ən son variantda əl atmaq gərəkdir. Və o baxımdan hər iki ölkənin ictimaiyyət nümayəndələrinin gediş-gəlişini gələcəkdə, yəni torpaqlarımızın azad edilməsindən sonra xalqların yenidən yanaşı yaşamasına hazırlıq kimi müsbət dəyərləndirmək olar...

 

Bilirsiz, bir gerçəklik  var ki, nə milyon yarımlıq Ermənistan hansısa başqa qitəyə, planetə köçüb gedəsi deyil, nə də 10 milyonluq Azərbaycan. Yəni biz məcburuq bunlarla qonşu yaşamağa... Amma təkrar edirəm, torpaqlarımız azad edilməli, biz SSRİ dağılana qədərki sərhədlərimiz çərçivəsində dinc yaşamağa davam etməliyik...

 

Ayaz Mütəllibov Ermənistan rəhbərliyinin əməli fəaliyyətinin xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət etməli olan bu cür layihələrə tamamilə zidd olduğunu bildirib:  

 

“Ancaq qarşılıqlı səfərlərin formal xarakter daşımaması üçün dövlət başçıları öz siyasi, diplomatik addımlarıyla buna dəstək verməlidir. Təəssüf ki, neçə illərdir Ermənistan tərəfdən  bunu görmürük. İşğalçı ölkənin baş naziri Paşinyanın hər gün bir sərsəm çıxışı, bəyanatı fonunda jurnalistlərin, yaxud deputatların gediş-gəlişinin heç bir mənası görünmür. Yəni onun çıxışları hər iki xalqda qıcıq yaradır, Ermənistan sakinlərində nəinki Azərbaycan torpaqlarının azad edilməsi, əksinə, yeni torpaqların işğalı həvəsi  yaradır. Amma Ermənistan rəhbərliyi bilməlidir ki, əgər  xalqların sülhə hazırlanmasından söhbət gedirsə, Paşinyan öz xalqını Azərbaycan torpaqlarının azad edilməsinə hazırlamalıdır. Bizim güzəştə gedəcəyimiz heç nə yoxdur, ən böyük zərbə bizə dəyib, torpaqlarımız işğal edilib, sərvətlərimiz talan edilib, yüz minlərimiz qaçqın düşüb. Bir sözlə, əgər  Ermənistan rəhbərliyi sülh istəyirsə,  öz ənənəvi işğalçı, təcavüzkar ruhlu ritorikasından əl çəkməli və qəti bilməlidir ki, Azərbaycan xalqı, dövləti heç bir vəchlə torpaqlarını onlara güzəştə getməyəcək. Unutmasınlar ki, artıq XX əsrin əvvəli deyil ki, torpaqlarımızın böyük bir hissəsini onlara bağışlayaq, özlərinə dövlət qursunlar. Artıq Azərbaycan müstəqil dövlətdir...”

 

“Qarşılıqlı səfərlərə müəyyən şərtlərlə dəstək verməyimizi kimlərsə cəmiyyətə təslimçilik ruhu aşılanması kimi qələmə verə bilər. Ancaq bunu ehtimal edənlər unutmasın ki, Ayaz Mütəllibov da bu ölkəni sevən bir vətəndaş olmaqla yanaşı, həm də uşağlığının xeyli hissəsini Qarabağda, Şuşada keçirib. Mən birinci sinfə orada getmişəm, Şuşanın, Qarabağın havasını udmuşam, suyunu içmişəm. Yəni ruhumun bir parçası qeyri-iradi o torpaqlara bağlıdır. Odur ki, mən də bütün Azərbaycansevər vətəndaşlar kimi heç vaxt Qarabağın erməni işğalında qalmasını qəbul edə bilmərəm. Sadəcə, dediyim gerçəklik var, qonşularımızla yanaşı yaşamağa məcburuq. Hələ 1991-ci ildə Türkiyəyə səfərim zamanı vurğuladığım kimi, Dağlıq Qarabağda kim istəsə, yaşaya bilər, amma ora Azərbaycanın torpağıdır. Yəni hazırda orada yaşayan ermənilər  gerçəkdən sülh istəyirlərsə, Azərbaycan vətəndaşlığını gerçək şəkildə qəbul edərək azərbaycanlılarla eyni dövlət daxilində  dinc  yanaşı yaşamağa hazır olmalıdırlar...” - eks-prezident oxucuları fikirlərini doğru anlamağa dəvət edib.

Tarix: 30 Noyabr 2019, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin