BURADA REKLAMINIZ OLA
BİLƏR

Hazırkı informasiya müharibəsinin PUA-ları, tankları, raketli müdafiə sistemləri, 4-cü, 5-ci nəsil silahları var - RƏY

Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycan jurnalistləri vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verir. Saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycan mediası dövlətçilik maraqlarını uca tutmaq, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək naminə bütün gücü ilə çalışır. Dövlətin güclü mediasının olması onun daxili siyasəti ilə yanaşı, xarici siyasəti üçün də mühüm amildir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, bu gün dünyada dövlətlər arasında baş verən müharibə ilk növbədə informasiya cəbhəsində cərəyan edir:

“İnformasiya cəbhəsində əldə edilmiş uğurlar əslində real cəbhədə daha böyük qələbələrin əldə olunması üçün çox ciddi bünövrə yaradır. Obrazlı desək, hazırkı informasiya müharibəsinin PUA-ları, tankları, artilleriya sistemi, raketli müdafiə sistemləri, 4-cü, 5-ci nəsil silahları var. Əslində bugünkü informasiya müharibəsi, sözün həqiqi mənasında, beynəlxalq ictimai fikrin dəyişməsində müstəsna rol oynayır, qalibiyyətə gedən yolda mühüm həlqədir”. 

 

E.Nəsirov bildirib ki, Azərbaycan bu gün Ermənistanla həm də informasiya müharibəsindədir: “Biz Ermənistanın mina terrorunun da ağır nəticələri ilə üzə qalmışıq. Lakin son hadisələr göstərir ki, bizim işimiz haqq işidir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuz növbəti tarixi uğurlara imza atdı. Bölgəyə uzunmüddətli və dayanıqlı sülhün, əmin-amanlığın gəlməsi üçün çox böyük işlər gördü. İnanırıq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ən əlverişli mühüt formalaşmaqdadır. Artıq separatçı rejim özünü buraxmış elan etdi. Bu rejimin əsas simaları da cinayət məsuliyyətinə cəlb olunur. Proseslər regionda dayanıqlı sülhün təminatı istiqamətində inkişaf edir. Belə olan halda, şübhəsiz ki, medianın rolu ikiqat artır. Media bu gün qazanılmış bütün uğurların beynəlxalq auditoriyaya çatdırılmasında müstəsna rol oynayır. Media dövlətin deyə bilmədiyi mesajları deyə bilmək iqtidarındadır. Elə məsələlər var ki, diplomatiyanın tələbləridir, diplomatiyanın öz qaydaları var və bunu dövlət söyləməməlidir. Amma media bu halda önə keçir. Bu məqamda alman ekspertlərinin çox maraqlı mülahizəsini səsləndirmək yerinə düşər: vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir, vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmaq ikiqat hakimiyyətə, susmaq və ya susmamaq, informasiyanı yaymaq qabiliyyəti isə artıq üçqat hakimiyyətə malik olmaq deməkdir. İnformasiyanın diplomatiyada, dövlətin milli maraqlarının müdafiəsində çox böyük rolu var.  Bu baxımdan medianın rolu və əhəmiyyəti daha da artır. İndi Azərbaycan dövləti qarşısında yeni hədəflər müəyyən edilmiş olur və bu hədəflərin beynəlxalq ictimai fikrə çatdırılmasında medianın üzərinə düşən məsuliyyət daha da artır, olduqca şərəfli vəzifəyə çevrilir. Hesab edirəm, Azərbaycan mediası son illər kifayət qədər inkişaf edib, proseslərin istiqamətlənməsində yönəldici bir funksiyaya malikdir. Bizim tarixi zəfərlərimizin, qələbələrimizin yayılmasında, təbliğində, təşviqində müstəsna rol oynayır”. 

 

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə deyib ki, Qarabağ probleminin həlli üçün 30 il mübarizə aparılıb:

Bəhruz Quliyev: "İşğalçılar Azərbaycan rəhbərliyinin qarşısında farağat  dayanmalı olacaqlar" Pravda.az

“Sözsüz ki, bu mübarizədə məbuatın da rolu çox böyük idi. Təkcə döyüş meydanında deyil, media sahəsində də mübarizədə idik. Bizim düşmənlərimiz, Azərbaycanı sevməyən, Azərbaycan əleyhinə olan dövlətlər var. Azərbaycanı sevməyən qüvvələrlə mübarizədə bir tərəfdə dövlət durursa, digər tərəfdə cəmiyyət, institutlar və media durmalıdır. Media dövlətə, Azərbaycan xalqına, ərazi bütövlüyünə qarşı təhdidlərlə öz platformasında mübarizəsini davam etdirməlidir. “Dağlıq Qarabağ” məsələsi bitdi, 44 günlük Zəfər tarixindən sonra “Dağlıq Qarabağ” adında problem həll olundu. Artıq yeni baxış, yeni mübarizə var. 2020-ci ildən sonra müharibə sülh fazasına keçib. Bu fazada da media həmişə ayıq-sayıq, öz dövlətinin yanında olmalıdır. İnkişaf özü davamlı proses olduğu kimi media da davamlı prosesdir və qlobal dünyanın çağırışlarına cavab verməyi bacarmalıdır. Necə ki bütün dünyada müasir media formalaşır, rəngini dəyişir. Artıq sosial şəbəkələr aktuallaşıb. Belə bir dünyada Azərbaycan mediası da bununla ayaqlaşmağı bacarmalıdır. Azərbaycan mediasının müasir dövrü məni qane edir, amma o demək deyil, biz arxayınlaşıb, rahat nəfəs alacağıq, fikirləşəcəyik ki, artıq mediamız yüksək səviyyədədir, mübarizəmiz bizi qane edir. Xeyr, biz bununla razılaşmayacağıq, mübarizəmizi davam etdirəcəyik. Hansı səviyyədə olmasından asılı olmayaraq mediamız düşmənə qarşı dövlətin apardığı xarici siyasəti paralel olaraq öz platformasında davam etdirməlidir”.

 

B.Quliyev vurğulayıb ki, bu gün Azərbaycan mediası üzərində böyük yük var: “Hər bir media təmsilçisinin də bir vətəndaşlıq hüququ, məsuliyyəti var. Hesab edirəm, bu məsuliyyəti istər jurnalist, istər baş redaktor dərindən dərk edib, adekvat olaraq dövlətin apardığı siyasətə uyğun mübarizəni davam etdirməyi bacarmalıdır. 44 günlük Vətən müharibəsində bir daha gördük ki, mətbuatın rolu necə böyükdür. Təkcə hərbi cəbhədə yox, paralel olaraq media cəbhəsində də döyüş getdi. Bu döyüşdən üzüaçıq çıxmaq vacib idi və ölkə mediası bunu bacardı. Döyüşə hər zaman hazır olmaq lazımdır. Bir halda ki münaqişə ocağımız var, bir çox dövlətlər bu münaqişə ocağının uzunmüddətli olmasını istəyir. Danışıqlar prosesində “statu kvo”nun saxlanılmasına cəhd göstərdi ki, bir çox dövlətlərin problemin həll olunmasında marağı yoxdur. Bilirik ki, belə bir bölgədə necə qonşularla yaşayırıq. Ona görə də bütün döyüşlərdə dövlətin yanında, Ali Baş Komandanın ətrafında birləşməyi bacarmalıyıq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova

 

Tarix: 29 Sentyabr 2023, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin