BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanda əsla hansısa din mənsubuna, milli azlığa qarşı ayrıseçkilik olmayıb" - RƏY

Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi ölkədə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Azərbaycanda tarixən millətlərarası və dinlərarası münasibətlər bir-birini tamamlayıb. Bu ölkədə yaşayan bütün milli azlıqlar dövlətin onlara göstərdiyi diqqət və qayğı ilə əhatələniblər. Azərbaycan öz tolerantlığını, millətlərarası münasibətlərə verdiyi önəmi eyni dərəcədə məhz Qarabağda məskunlaşan erməni sakinlərə də şamil edir, ermənilərlə birgəyaşayış istiqamətində addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Lakin ermənilərin böyük bir qismi hər şey kimi, bu prinsiplərə də xəyanət edir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, Azərbaycan tarixən tolerantlığı ilə seçilən coğrafiya olub. 

Elvüsal Məmmədov: ““Halloween” bizə yaddır, qeyri-məqbuldur” Pravda.az

Alim bildirib ki, bu, hər şeydən öncə Azərbaycan xalqının və bu xalqın təmsil etdiyi mədəniyyətin ətrafa baxışı ilə şərtləşir: “Azərbaycan xalqı, mədəniyyəti bu coğrafiyada dominant xalq, dominant mədəniyyət olduğu üçün əsla milli, dini ayrıseçkilik siyasətinə rast gələ bilmirik. İstər milli, istərsə də dini müstəvidə Azərbaycan coğrafiyası sözün həqiqi mənasında etalon, nümunə rolunu oynaya biləcək keyfiyyətlərə sahibdir. Fəxr etmək lazımdır ki, bu ölkədə müxtəlif milli azlıqlar, xalqlar, eyni zamanda ayrı-ayrı dinlərin mənsubları dinc, tolerant mühitdə birgəyaşayışı əmələ gətirirlər. Nə rus, Ukrayna, nə də yəhudi icması, yaxud ayrı-ayrı milli vahidlər, azlıqlarla Azərbaycan-türk xalqı arasında heç bir problem yoxdur. Fikir verin, eyni şəhərdə, eyni kənddə bəzən həm kilsə, həm də məscid mövcuddur. Qubada məscidlə yanaşı sinaqoqların da fəaliyyət göstərdiyini görürük. Bakıda da dünya dinlərinin nümayəndələri bir yerdə yaşayırlar, həm də ibadət ocaqları fəaliyyət göstərir. Azərbaycanda əsla hansısa din mənsubuna, milli azlığa qarşı ayrıseçkilik olmayıb. Bu, Azərbaycan xalqının xarakterindən irəli gəlir. Dövlət də bu xarakteri əsas götürərək tolerantlığı Azərbaycanın daxili sosial, mədəni siyasətinin əsas göstəricisi kimi təqdim edir və hər zaman buna sadiqdir. Dövlətin yürütdüyü siyasət Azərbaycan xalqının təbiəti ilə üst-üstə düşür, bir-birini tamamlayır. Təəssüf ki, ermənilər bu əlverişli şəraitdən istifadə etməyi bacarmadılar. Həmişə ermənilərə qucaq açmışıq, amma onlar tolerant münasibətimizdən sui-istifadə ediblər. Bir qədər rasional düşünsələr, Qarabağda da eyni modeli tətbiq edə bilərik. Qoy dünya ictimaiyyəti də bunu belə bilsin”. 

 

Politoloq Yusif Bağırzadə isə deyib ki, Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün vətən olub:

"Dövlətimizin çoxmillətli və çoxkonfessiyalı ölkə olması bizim sərvətimizdir. Dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xətlə inkişaf etdiyi bir dövrdə ölkəmiz multikulturalizm ideyalarını yaşatmaq vəzifəsini layiqincə icra edir. Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Ölkəmizdə dini tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrinə olan diqqət və qayğı bu gün Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda dini tolerantlığın inkişafı və qorunması sahəsində dövlət siyasətinin vəzifələrinə - dini özünüifadə müxtəlifliyinin təşviqi, dinlərarası qarşılıqlı etimad mühitinin qorunması, dinlərarası dialoqun inkişaf etdirilməsi, dini müxtəlifliyin, onun milli və beynəlxalq səviyyədə əhəmiyyətinin təşviqi, dini tolerantlığın təşviqi məqsədilə səmərəli dini maarifləndirmə işinin aparılması, dini tolerantlıq sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsi və s. daxildir. Məlumdur ki, qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi olduqca çətindir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır".

 

Politoloq vurğulayıb ki, ölkədə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur: "Xüsusilə indiki məqamda, yəni Qarabağın erməniəsilli insanlarının reinteqrasiyası prosesinə başlanıldığı bir dövrdə bu dəyərlərin təbliği xüsusi önəm daşıyır. Qarabağın erməni əhalisi də bilməlidir ki, ölkəmizdə bütün milli azlıqlar azərbaycanlılarla bərabər hüquqlara, dini azadlıq, seçib-seçilmək, təhsil və digər hüquqlara malikdirlər. Təbii ki, indiki mərhələdə onların bunu dərk etmələri çətindir. Çünki söhbət tamam fərqli dəyərlərlə tərbiyə olunmuş bir cəmiyyətdən gedir. O cəmiyyətdən ki uşaqları bağça yaşlarından etibarən Azərbaycana və insanımıza düşmən ruhunda tərbiyə ediblər. O cəmiyyətdən ki dini abidələrimizi, məscidlərimizi dağıtmaq uğrunda bir-biri ilə yarışa giriblər və s. Amma bütün bunlara baxmayaraq Azərbaycan ərazisində yaşayan, Azərbaycan qanunlarına, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan heç kimlə problemimiz yoxdur. Prezident İlham Əliyevin də dediyi kimi, bizim düşmənimiz dinc erməni xalqı yox, erməni terrorçuları və separatçılarıdır".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

Tarix: 7 Oktyabr 2023, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin