BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokuror Gömrük Komitəsinin sabiq əməkdaşının bəraət hökmündən protest verdi

Dövlət Gömrük Komitəsi Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş Ağəli Cəlilzadənin barəsindəki hökmdən kassasiya protesti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edərək 2 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ağəli Cəlilzadənin barəsində bəraət hökmü çıxarılıb. 

 

Qeyd: Ağəli Cəlilzadə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 213-1.2.1-ci (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan edilirdi. İttihama görə, Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158.020,5 manat dəyərində əmlakı mənimsəyib.

 

Kamal Məmmədov

Tarix: 30 Oktyabr 2023, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin