BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsirlikdə olan Hüseynin anası: “Xocalı cinayətlərini törədən Xaçatryana Azərbaycanda 15, oğlumun isə heç bir günahı olmaya-olmaya Ermənistanda 20 il iş verildi”

“Oğlumun işi bağlı heç bir yenilik yoxdur. Səbrimiz tükənib. Dərd-sərdən başımızı qaldıra bilmirik. Sol gözüm ağlamaqdan kor olub. Bu qədər stress keçiririk, amma heç bir məlumat verilmir. Sanki belə də olmalıdır. Nə Hüseynin, nə də Aqşinin adı televiziya kanallarında hallanmır. Hansı vəziyyətdə olduqlarını bilmək istəyirik. Övladlarımızla sonuncu dəfə oktyabrın 19-u danışmışıq. Noyabrdır, hələ də danışmamışıq. Ürəyimiz partlayır. Ancaq audio zənglə danışırıq, 3 gün sonra videosunu göndərirlər. Bizim də videomuzu çəkib aparıb onlara göstərirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyi sanki bizimlə oyun oynayır. Belə şey olmaz. Onsuz da bizi Qızıl Xaç Komitəsinin telefonu ilə danışdırırlar. Birdəfəlik görüntülü danışdırsınlar, övladımızı canlı görək. İşləmirəm, xəstə qadınam. Nə mən, nə də Aqşin Bəbirovun valideynləri tez-tez Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedə bilmirik. Elə vaxt olur ki, deyirlər, sabah gəlin, danışıq olacaq. Ona-buna yalvarıram, 5 manat yolpulu tapıram, gedirəm. Heç yeri tanımıram. Yeriyə bilmirəm, taksi ilə getməyə məcburam. Sağ olsunlar, bəzən özləri evə gətirirlər. Amma üç gün sonra deyirlər ki, Hüseynin videosu gəlib. Məcburuq, videoya baxmaq üçün yenidən gedək. Birdəfəlik görüntülü zəng etsinlər...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Ermənistanda əsirlikdə olan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. 

 

“İki gün əvvəl öyrənmişik ki, Azərbaycandan bizim uşaqlarımız üçün vəkil təyin edilməli, vəkil bizimlə əlaqədə olmalı imiş. Heç bunları bizə başa salan olmayıb. Son vəziyyət barədə məlumat vermirlər. İki gün öncə ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun müsahibəsini dinlədik. Sağ olsun, dedi ki, hər şeyi kənara qoyub, iki körpə əsiri düşünməliyik. Xarici işlər naziri Ceyhun Bayramova da minnətdarıq. Hara getsə, uşaqlarımızın adını hallandırır. 10 gün öncə ombudsman Səbinə Əliyevanın müavini Yeganə xanım bizə video göndərdi ki, əsirlərin işi BMT-nin İnsan Hüquqları üzrə Beynəlxalq Komissarlığa verilib. Dedi ki, biz heç vaxt əsirlərimizi unutmuruq, hər an dövlətimizin diqqətindədir. Ən əsas cənab Prezidentimizdən Allah razı olsun. Müraciətimiz ancaq Prezidentimizədir. Artıq 7 aydır, səbrimiz tükənib. Ölürük... Övladlarımızı istəyirik, onları Vətənə gətirsinlər. Nə qədər dözək? Xocalı cinayətlərini törədən Xaçatryana 15 il iş verdilər, mənim oğlum Hüseynin isə heç bir günahı olmaya-olmaya Ermənistan ona 20 il iş verib”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Noyabr 2023, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin