BURADA REKLAMINIZ OLA
BİLƏR

“Böyük Qayıdış” prosesi sürətlə həyata keçirilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar - RƏY

Azərbaycan öz torpaqlarını azad etməklə dayanıqlı sülhə, tərəqqiyə əsaslanan, bir çox ölkələrə nümunə olan, irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək Azərbaycanın beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”dır. “Böyük Qayıdış” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bildiyimiz kimi, noyabrın 22-də Laçında doğru növbəti köç karvanı Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Beləliklə, Laçın rayonunda 346 ailənin, ümumilikdə 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra dövlətin qarşısında Qarabağda bərpa-quruculuq prosesinin həyata keçirilməsi, həmin ərazilərdə dağılmış iqtisadiyyatın bərpası, infrastruktur layihələrinin icrası, uzun müddət öz ata-baba yurdundan məcburi köçkün düşmüş insanları torpaqlarına qaytarmaqla dayanıqlı qayıdışın həll edilməsi, eyni zamanda köçürülən insanların daimi yaşayışının təmini kimi ciddi məsələlər durur:

“Bu prioritet məsələlərlə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər, təxminən, 11 milyard manat vəsait xərclənib. Cari il müzakirə olunan 2024-cü ilin dövlət büdcəsində də məhz 4 milyard manat vəsaitin 2024-cü ildə Qarabağa xərclənməsi nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçmüş insanların geri qayıdışı ilə bağlı problemlərin həllində maliyyə mənbəyi kimi çıxış edəcək. 2022-2026-cı illər ərzində “Böyük Qayıdış”ın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Bu proqramda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev müvafiq nazirliklər, eləcə də komitələr qarşısında ciddi məsələlər qoyub. Qarşıya qoyulan məqsədləri həyata keçirməklə bağlı maliyyə mənbələri müəyyənləşdirilib. Nəzərdə tutulan dövlət proqramı həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailə, təxminən, 140 min insanın Qarabağa qayıdışı təmin edilmiş olacaq. İşğaldan azad olunan ərazilər içində Laçın rayonu xüsusi yer tutur. Çünki rayon coğrafi nöqteyi-nəzərdən Ermənistanla ən yaxın məsafədə yerləşir. Nəzərə alsaq ki, 2020-ci il 10 noyabr bəyannaməsinin müddəalarına əsasən, Azərbaycan tərəfi öz üzərinə götürüü ki, növbəti mərhələdə Laçında yeni yolun çəkilişini həyata keçirsin. Beləliklə, 2022-ci ilin avqust ayının 26-da Laçın rayonunun şəhər mərkəzi Zabux və Sus yeni yolun çəkilişi ilə əlaqədar tamamilə erməni işğalçılarından təmizləndi. Bundan sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Laçının şəhər mərkəzinə səfəri oldu. Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı. Möhtərəm cənab Prezident həmin vaxtdan müvafiq təşkilatlara Laçın rayonunun şəhər mərkəzinin, rayonun Zabux və Sus kəndlərinin tam bərpası ilə bağlı tapşırıqlar verdi. Zabux və Susun bərpa prosesinə dövlət büdcəsindən vəsait ayrıldı. Eyni zamanda Laçının şəhər mərkəzində Bakı Abadlıq Xidməti tərəfindən bərpa-quruculuq işləri sürətlə həyata keçirilməkdədir. Bu günə qədər rayonun şəhər mərkəzində ciddi işlər görülüb, Ermənilər tərəfindən dağıdılmış evlər sürətlə bərpa olunur. Yeni yolların, küçələrin salınması, infrastukturun yaradılması, şəhərin 2 nömrəli tam orta məktəbinin tamamilə tikilib istifadəyə verilməsi, bu günə qədər 350-yə yaxın ailənin Laçının şəhər mərkəzinə köçürülməsi təmin edilib. Əvvəlcə Zabux kəndinə 100 ailənin köçürülməsi nəzərdə tutulmuşdu və artıq bu proses həyata keçirilib. Dekabrın sonunadək Zabuxa 100 ailənin də köçürülməsi icra ediləcək. Avqust ayında 21 ailənin köçürüldüyünü də nəzərə alsaq, bütövlükdə ilin sonunadək 221 ailənin Zabuxa köçürülməsi həyata keçiriləcək”.

 

Deputat bildirib ki, Azərbaycan dövlətinin Qarabağda fəaliyyəti təkcə bərpa-quruculuq prosesləri ilə bitmir: “Dövlətin qarşıya qoyduğu məqsədlər bir tərəfdən təhlükəsizlik problemlərinin həlli, ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən dağılmış iqtisadiyyatın bərpası, yeni iş yerlərinin yaradılması və insanların sosial müdafiəsinin gücləndirilməsidir. 2023-cü ilin may ayında möhtərəm Prezidentimizin iştirakı ilə Laçının Güləbird, Qorçu kəndlərinin təməlqoyma mərasimləri keçirilib. Bu kəndlərin Baş planı təsdiq edilib. Məndə olan məlumatlara görə, 2024-cü ildə sözügedən kəndlərin yenidən qurulub istifadəyə verilməsi, sakinlərinin geri qayıdışı təmin ediləcək. Eyni zamanda Laçının iqtisadiyyatının, gələcəkdə turizminin inkişafı, burada xidmət edən əsgər zabitlərin gediş-gəlişlərini asanlaşdırmaq məqsədilə Laçının Qorçu kəndi ərazisində Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir. Nəzərdə tutulur ki, 2025-ci ilin sonuna hava limanı istifadəyə verilsin. Möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehran xanım Əliyevanın dəfələrlə Laçına səfərləri, bu ərazilərdə su-elektrik stansiyalarının açılışı, su anbarlarının təməlqoyma mərasimlərinin keçirilməsi, yeni obyektlərin açılışı həyata keçirilib. Cənab Prezidentin Sərəncamına əsasən, avqsustun 26-da Laçın Şəhəri Günü qeyd edilib. Tədbirdə rayonumuzun müxtəlif təbəqələrindən olan insanlar, ziyalılar, alimlər, hərbçilər, veteranlar, şəhid ailələri cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya fikirlərini səmimi ifadə edə bildilər. Laçına köçürülənlərin işlə təmin edilmələri ilə bağlı rayonun Zerti ərazisində aqropark yaradılıb, burada sənaye məhəlləsi fəaliyyət göstərir. Balıqçılığın inkişafı, ictimai iaşə binalarının tikintisi, bəzilərinin isə istifadəyə verilməsi həyata keçirilib. Bir sözlə, bu gün Laçında quruculuq işləri sürətlə davam edir. İnanırıq ki, qarşıdakı zaman ərzində “Böyük Qayıdış” prosesi daha sürətlə həyata keçiriləcək və keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar”.

 

Azərbaycanın tanınmış kino və teatr aktyoru Rauf Şahsuvarov da Laçına qayıdışla bağlı fikirlərini bölüşüb:

“Laçına hələlik tam köçməmişəm. Həyat yoldaşım Laçında fəaliyyətə başlayan 2 nömrəli tam orta məktəbdə psixoloq işləyir. O, 1997-ci ildən həmin məktəbdədir. Tətil müddəti idi, həyat yoldaşım Laçına qayıdanda onunla birgə getdim. Laçında işləmək istəyirəm, aidiyyəti qurumlara da müraciət etmişəm. Söz veriblər ki, işlə təmin edəcəklər. Evimiz tikilənədək müvəqqəti məskunlaşacağıq. Laçında ata mülkümüz olub. İkinci mərhələdə evlərimiz tikiləndə öz ata yurduma qayıdacağam. Ev önəmli deyil, əsas budur ki, torpaqlarımız düşməndən azad olunub. Bizim üçün ən vacibi torpaqdır. Vətən müharibəsində döyüşə getmək üçün müraciət etmişdik. Demişdilər ki, Ordumuzun gücü yetərincədir, lazım olsa, sizi də apararıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, Ordumuz sağolsun. Qarabağın azadlığı uğrunda döyüşən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin...”

 

Aktyor Birinci Qarabağ müharibəsində Laçın alayının tərkibində döyüşməsindən də danışıb: “Mən İncəsənət İnstitutunda Eldar Quliyevin dram-kino aktyorluğu kursunu bitirmişəm. O vaxtlar təyinat verilirdi. Mən təyinatımı Şuşaya aldım. Qarabağda ilk yaranmış teatrda işlədim. Həmin illər müharibə ərəfəsinə düşdü. Laçında Arif Paşayevin rəhbərliyi ilə ilk nizami alay yaradılmışdı. 1991-1992-ci illərdə həmin alayda döyüşdüm. Sonradan yenə qayıdıb 2011-ci ilə qədər “Şuşa” teatrında işlədim. 2011-ci ildən işdən çıxmışam. 2 il Bakı Uşaq və Gənclər Teatrında çalışdım. Sonradan isə azad yaradıcılqla məşğul oldum. “Laçın teatrı” studiyamız var idi, orada tamaşa hazırladıq. İranda iki dəfə qastrol səfərində olmuşuq. Türkiyədə də həmçinin Laçının adından iştirak edib, Laçını tərənnüm etmişik. Döyüş yoldaşlarımdan şəhid olanlar oldu, Allah rəhmət eləsin. Amma sağ qalan yoldaşlarımızın hamısı ilə, eyni zamanda komandirimizlə münasibətimiz var. Görüşürük. Bəziləri artıq Laçında məskunlaşıblar. Digərləri isə ikinci mərhələdə Laçına qayıdacaqlar. Mən də öz profilimə uyğun iş olsa da, olmasa da, Laçında qalıb işləmək istəyirəm. Çünki Laçına və laçınlılara borcum var. Çalışıb torpağa olan borcumu qaytarmaq lazımdır. Allah nə qədər ömür veribsə, geri qalan ömrümü Laçında yaşamaq istəyirəm”.

 

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 25 Noyabr 2023, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin