BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə işləyən bibisi qızını öldürmək istəyən şəxs hökmdən narazıdır

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Arzuman Hadıyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, hadisə 2021-ci ilin avqust ayının 13-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedə qeydə alınıb.

 

Belə ki, A.Hadıyev kafeyə gələrək orada xidmətçi işləyən bibisi qızı Elnarə Məmmədova ilə mübahisə edib. O, qohumuna belə bir yerdə işləməyin düzgün olmadığını bildirməklə işdən çıxmasını istəyib. Qadın isə ona kafedə işləməsinin səbəbini savadının olmaması və buna görə də başqa yerdə özünə iş tapa bilməməsi ilə izah edib.

 

Daha sonra A.Hadıyev üzərində gəzdirdiyi bıçaqla bibisi qızının döş qəfəsi və qarın nahiyyələrinə zərbələr endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

A.Hadıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İstintaq tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (Xuliqanlıq, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 27 Noyabr 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin