BURADA REKLAMINIZ OLA
BİLƏR

Ulularımızdan miras qalan adət-ənənələrimizin yaşadılması xalqımızın gələcək inkişafı deməkdir - RƏY

Azərbaycanın qədim tarixi köklərə söykənən milli adət-ənənələrinin formalaşdırdığı dəyərlər sistemi güclü dövlətçilik quruculuğu ilə sıx vəhdət təşkil edir. Azərbaycan xalqının yüksək mənəvi dəyərlərindən xəbər verən, min illər öncəyə gedib çıxan adət və ənənələrimiz millətin keçmişi, bu günü və gələcəyi arasında dayanıqlı, sarsılmaz mənəvi körpü rolunu oynayır. Lakin müasirləşən dünyada bir sıra milli adətlərimiz dəyişir, unudulur, tarixin səhifələrində itib-batır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, bəzən hüquq sistemi “beynəlxalq”, yaxud “milli hüquq” adı ilə adətlərə qarşı qoyulur:

“Guya hüquq sistemi adət-ənənələrlə əksdir, adət-ənənə mühafizəkarlıqdır, mühafizəkar nə varsa, geriçilikdir. Çox təəssüf ki, rəsmi dövlət adamlarının dilindən də belə fikirlər səslənir. Əvvəla, istənilən dövlətdə, hətta şifahi qanunvericiliyin əsası olan İngiltərədə belə tarixi ənənələrə baxsaq, adətlər hüququn ən mühüm mənbəsi sayılır. Məhz adətlər əsasında qanunlar, hüquq sistemi hazırlanır. Bəzən düşünürlər ki, insanların yalnız azadlıqları, hüquqları var, vəzifələr isə yaddan çıxır. Axı dövlət, millət qarşısında vəzifələr də var. Bu vəzifələrdən biri dövlətin, millətin öz tarixindən gələn ənənələrə riayət olunmasıdır. Adətlərimizin unudulması məndə hədsiz narahatlıq doğurur. Məsələn, toylarda əvvəllər vağzalı çalınardı, yaxud böyüklərin xeyir-duası verilərdi, bəzən qız və oğlan toyu ayrı olardı. İndi isə Avropadan, xristianlardan gələn adətlərə üstünlük verilir. Milli adətlərimizdə həya çox böyük göstəricidir. Əsas da gəlinin həyası xüsusi götürülür. Lakin bizdə həya sistemi aradan çıxıb. Bu da çox ciddi fəsadlar törədir. Təsadüfi deyil ki, sonrakı mərhələlərdə “mənim də hüququm var”, “kişi ilə bərabərəm”, “nə istəsəm, onu edərəm”, “evdən çıxanda icazə almaya bilərəm”, “mən də sərbəstəm” kimi adətlər ənənə halını alır. Nəticədə, boşanmaların təşəbbüskarlarının 70-80 faizinin qadınlar olduğu ortaya çıxır. Ailələr dağılır, övladların ailəsi şikəst olur. Biz unudulan adət-ənənələri təkcə toylarda deyil, başqa yerlərdə də görürük. Məsələn, avtobusda, metroda. “Bilet almışam, mənim hüququm var, yer mənimdir, otururam”, lakin ağsaqqal, ağbirçək ayaq üstə dayanır. Buna da etinasızlıq var. Yəni ən böyük göstəricilərimizdən biri adət-ənənələrimizdir. Heç vaxt yadımdan çıxmaz, orta məktəbin son siniflərində oxuyanda Sankt-Peterburqa getmişdim. Orada hamı bizə deyirdi ki, siz böyüklərə hörmətə, adət-ənənələrə ciddi riayət edirsiniz. Bu, sizin üstünlüyünüzdür. Təsadüfi deyil ki, məhz müqəddəs adət-ənənələrimizin yerinə yetirilməsi sayəsində xalqımız bir sıra yoluxucu xəstəliklərdən azad olub. Çox mənfi cinsi xəstəliklər ölkəmizdə inkişaf tapmayıb. Övladlar düzgün tərbiyə olunublar. Ailələrin təməli pak, təmiz əsasla qoyulub. Adət-ənənələrimizə qarşı etinasızlıq, ona qarşı çıxmaq yersizdir”.

 

Deputat bir sıra tövsiyələrini də səsləndirib: “Heç cür nəsihət eşitmək istəməyən gənclərimiz böyüklərin nəsihətinə qulaq asmalıdırlar. Televiziyada, mediada, sosial şəbəkələrdə müqəddəs adət-ənənələrimiz və onlara riayət geniş təbliğ edilməlidir. Etnik, dini, milli əsaslara söykənən adət-ənənələrimizin heç də hamısı mənfi deyil. Əksinə, mütləq çoxluğu ailələrin, ümumilikdə, insanların tərbiyəsində böyük rol oynayır. Təsadüfi deyil ki, təlim-tərbiyə və təhsil bu əsasda aparılmalıdır. Ailələr, məktəblər, müəllimlər bunu ciddi şəkildə gözləməli, təbliğ etməli, insanların ruhuna yeritməlidirlər. Bu sahədə maarifçilik davam etdirilməlidir. Adət-ənənələrimiz millətimizin qürur mənbəyidir, hər kəs tərəfindən gözlənilməlidir, dünyada yaranan bütün dəyərlərin ən başı namusdur, ardır, həyadır. Bundan böyük ruhi göstərici ola bilməz. Namus, ar, həya olmayan insan canı, sadəcə, heyvan bədənidir. Bütün xalqımı, millətimi adət-ənənələrə, mənəviyyata dürüst əməl etməyə çağırıram”.

 

Tanınmış etnoqraf-tarixçi Təvəkkül Səlimov isə düşünür ki, çağdaş dövrdə milli adət-ənənələrin təbliği qənaətbəxş deyil:

Zəhra gözəl addır, amma 14 min nəfərə yox" — Təvəkkül Səlimov, son xeberler

“Təkcə Novruz bayramına bir neçə gün qalmış və bayramdan sonra müəyyən çərçivədə keçirilən tədbirlərdən savayı misal çəkmək çətindir. Buna da təbliğat demək olmaz. Sadəcə, milli təqvim bayramıdır, dövlət qeyd edir deyə iki-üç gün öncədən ancaq televiziya kanallarında bayağı verilişlər yayımlanır, elmi, milli əsası olmayan uydurma adətlər təbliğ edilir. 50 ilin etnoqrafıyam. Bu sahə üzrə 40 kitabın müəllifiyəm. Sovet dövründə yaxşı adət-ənənələrimiz tənqid olunurdu, sıradan çıxarılmasına müəyyən təşəbbüslər göstərilirdi. Bu gün isə heç neqativ adət-ənənələrimizə də qarşı mübarizə aparılmır. Yaxşı adətlərimizin təbliğatı da çox zəifdir. Bunu elmi arqumentlər əsasında deyirəm. Cənab Prezident İlham Əliyevin dəfələrlə təkrarladığı “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır” fikri bizi təbliğata yönəltməlidir. Çünki hər bir xalq qloballaşma şəriatində qlobal təsirlərin hücumuna məruz qaldığına görə bizim də bu səbəbdən milli-mənəvi dəyələrimiz deqradasiyaya uğrayır. Halbuki bir millətin mövcudluğu, onun varlığını təsdiq edən milli dəyərlərinin qorunması ən vacib məsələlərdəndir”.

 

T.Səlimov da xüsusən toy adətlərinin unudulmasına diqqət çəkib: “Şadlıq evinin qapısına yaxınlaşanda artıq xarici musiqi ilə qonaqları qarşılayırlar. Bilinmir ki, ispan, yaxud ingilis musiqisidir. Hansı Avropa ölkəsində Azərbaycan milli havası çalınır? Bəlkə, “Vağzalı”, “Tərəkəmə”, “Qoçəli” çalınır? Xeyr. Bəs biz niyə hansısa xalqın adət-ənənəsi qarşısında diz çökməliyik? Özümüz özümüzə hörmət etməliyik. Şadlıq evlərinin birinə getmişdim, qapıda məni qaradərili bir nəfər qarşıladı. Axı bu dərəcədə olmaz. Öz millətinin nümayəndəsi qapıda səni adam balası kimi qarşılaya bilməz? Qonaq qarşılayanın, gərək, bir hiss, duyğusu olsun. Həmişə təklif etmişəm ki, toyda bəy gəlinin yanında başına milli papaq qoyub otursun. Qoy görsünlər ki, kişi toyudur. Papaq ən vacib azərbaycançılıq nişanələrindəndir. Şadlıq evləri bunu həyata keçirə bilərlər. Bəylərimizə gözəl dəridən hazırlanmış papaqlar verilsin. Onsuz da rəqqaslar milli geyimdə toyda rəqs edirlər. Bəy üçün də bunu təşkil etmək olar. Artıq gəlinlər də fata taxmırlar. Halbuki gəlinin üzü örtülü olmalıdır. Bu, gəlini mənfi gözdən, nəzərdən qorumaq anlamındadır. Gəlinin gözəlliyi, siması örtülü olmalıdır. Demirik ki, üzünə çarşab salsın. Sadəcə, toy bitənə qədər görünən fata üzündə qalsın. Bunu da restoranlar təşkil edə bilərlər. Milli adətlərlə keçirilən toy xaricdən gələn qonaqların da diqqətini çəkəcək, onlar üçün maraqlı olacaq. Əvvəllər bölgələrimizdə keçirilən toylarda ağacı bəzəyər, üzərinə meyvə, şirniyyat bağlayardılar. Adına “şahbudaq” deyərdilər. Şadlıq evlərində bəylə gəlinin masasına “şahbudaq” qoysalar, daha yaxşıdır. Bu, milli varlığımızı təsdiq edən bərəkət simvoludur. İndi isə “yolka” ağacını bəzəyirlər. “Vağzalı” da çox az istifadə olunur. Azərbaycanda bu rəqsi oynamırlar. Halbuki adətə görə, bəy “Vağzalı”da qolları havada toyxananı gəzər, üstünə şabaş atarlar, dostlar da gəlib oynayarlar. “Vağzalı” ritual bir rəqsdir. Bəs niyə bunu etmirik? Üzüktaxma mərasimində şərbətlə qarşılanma adəti də unudulub... İctimai TV-nin efirində təklif verdim ki, “Azərbaycanın toy adətləri” adında ən az 10 serialı film çəkmək olar. Filmdə məsləhətçi olaram, mənə heç bir qəpik də lazım deyil. Bu, bizdən gələcək nəsillərə yadigar olardı ki, azərbaycanlıların milli adət-ənənəsi necə tarixi yoldan keçib”. 

 

Alim metorda, avtobusda və digər ictimai yerlərdə böyüklərə hörmət məsələsinə də toxunub: “Böyüklərə hörmət də gözəl adət-ənənəmizdir. Yüksək səslə qəhqəhə çəkib gülmək, qocaya, yaşlıya arxa çevirmək kimi neqativ adətlər formalaşıb. Atalar sözündə də deyildiyi kimi, böyüksüz yerdə oturma. Görün, böyüklərə nə boyda dəyər verilir. Əvvəllər ata-babalarımız müəllimi görəndə deyərdilər ki, papağını başından çıxart, müəllimin yanında papaq qoyma. Papağı çıxarıb gizlədərdik ki, müəllim görməsin. Bu mirası qorumalıyıq. Bizə dədə ulularımızdan miras qalan bütün yaxşı adət-ənənələrimizin yaşadılması bizim öz yaşamağımız, xalqımızın gələcək inkişafı deməkdir. Bizdən öyrənilməli çox şey var”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 2 Dekabr 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin