BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu ölkəyə xəyanətkarı da, acizi də, torpaq satanı da, məğlubu, fərarisi də rəhbərlik edib, amma ilk dəfədir ki, qalib sərkərdəyə səs verəcəyik"

"Bir zamanlar çevrilişlə hakimiyyət zəbt etmiş, bu gün isə pozuculuq edən antimilli ünsürlərin, yaxud siyasi nihilistlərin növbədənkənar seçkiləri şərh etməyə  mənəvi haqqı yoxdur. Qafqaz kimi mürəkkəb regionda nə qədər gözlənilməz olsa da, artıq sülhün addım səsləri eşidilir. Daha doğrusu, qətiyyəti ilə işğala, separatizmə son qoyub Azərbaycanı, tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir. 3 il əvvələ qədər “yeni müharibə və yeni torpaqlar” iddiaları ilə lərzəyə gələn bir region, bu gün, nəhayət ki, xoş niyyət təzahürlərini və humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa şahidlik edir. Azərbaycanı rəngli inqilabların dağıdıcı təsirindən müdafiə etməyi bacaran cənab İlham Əliyev indi də regionu qütblərarası toqquşma nöqtəsi olmaqdan qorudu. Bilirsinzi ki, Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib, amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun lokomotivi ola bilməyib. Bu gün isə Heydər Əliyev siyasi kursu regionda yeni dövr başladır. Ona görə də Şərqin, Qərbin, Şimalın, Cənubun təsiri altında yazılmış, bu xalqa xainləri, fərariləri lider kimi sırıyan saxta tarix kitablarını atıb, yeni tarixi yazma vaxtıdır. Daha doğrusu, cənab İlham Əliyev artıq  bu tarixi yazıb, sadəcə yazılanı dürüst şəkildə kitaba köçürməyin zamanıdır. Biz real müstəqilliyimizin 30-cu ilində, ali konstitusion niyyətimizə əsaslanaraq, nəhayət, bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada,  Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin 2-ci cümləsini rəhbər tutaraq fevralın 7-ə müəyyənləşən növbədənkənar prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

"Aydındır ki, Zəfərimizdən doğan yeni reallıq tələbləri də dəyişib, hədəflərimiz də 3 il əvvəlki hədəflər deyil və 2017-ci ildən start verilən, böyük uğurlara aparan islahatların yeni mərhələsində olduğu kimi, cənab İlham Əliyev bu dəfə də reformu zirvədən başlayır. Bu, əslində siyasi mədəniyyətin zirvəsi deməkdir. Necə ki, böyük Heydər Əliyev topsuz, tüfəngsiz, ordusuz, yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda  məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir.  Bu, eyni zamanda xalq üçün bir fürsətdir ki, 20 ildir, bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə öz minnətdarlığını çatdırsın! Çünki bu ölkəyə ən azı son 105 ildə xəyanətkarı da, acizi də, torpaq satanı da, məğlubu, fərarisi də rəhbərlik edib, amma biz ilk dəfədir ki, bütün suveren ərazilərimizi  əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik. Qalibləri seçmək bu xalqın haqqıdır! Proseslərə fərqli don geyindirilməsi, aidiyyatsız məqamlarla əlaqələndirilməsi isə yersizdir. Ümumiyyətlə, bir zamanlar çevrilişlə hakimiyyət zəbt etmiş, bu gün isə pozuculuq edən antimilli ünsürlərin, yaxud siyasi nihilistlərin 7 fevral növbədənkənar prezident seçkilərini hətta şərh etməyə belə  mənəvi haqqı yoxdur.  Xalq yaxşı anlayır ki, bu siyasətin  alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2023, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin