BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə dava salan şəxs məhkəmə zalından azad edildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Həsənovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib.


Belə ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Habil Həsənovun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Habil Həsənov dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.


İttihama görə, hadisə 11 dekabr 2022-ci il tarixdə, gecə saat 23:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən ictimai yer hesab olunan “Nargilə” kafesində qeydə alınıb.


Belə ki, Habil Həsənov avtomobilin təkər açarı ilə qəsdən zərərçəkmiş Vaqif Səfərovu (şərti) vuraraq, ona alın nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirib.


Hadisədən sonra Habil Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2023, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin