BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sahibkarlar üçün vacib məqamlardan biri idarəetməni onlayna keçirmələri, xərclərini azaltmalarıdır” - RƏY

Son illər dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü tədbirlərin başlıca məqsədi ölkədə sahibkarlığın inkişafına hədəflənib. Özəl sektorun genişlənməsi üçün səmərəli mühitin yaradılması, təşviq mexanizmlərinin tətbiqi prioritetdir. Məhz bu səbəbdən dövlət tərəfindən verilən qərarlar iqtisadi mühitdə, xüsusən, sahibkarların fəaliyyətində yeni mərhələ açır. Qəbul edilən dövlət proqramlarının icrası kiçik və orta sahibkarlar üçün daha əlverişli bir şəraitin yaranmasına səbəb olub. Vergi və gömrük islahatları, həmçinin daxildə istehsal olunan bir çox məhsulların gömrük rüsumunun artırılması da yerli istehsalçıların bazara çıxış imkanlarına müsbət təsir edib. Bütün bunlarla bərabər, azad sahibkarlığın inkişafının qarşısını kəsən əngəllər də az deyil. Ələlxüsus, son bir neçə ildə onlayn alış-verişə olan marağın sürətlə artması daxili bazarda geriləmə ilə müşahidə edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, qlobal olaraq onlayn ticarətin həcmində artım var:

Vüqar Bayramov: “SSRİ dövründə inşa edilən binalarda “JEK”lər praktik  olaraq aktivdirlər” Pravda.az

“Təbii ki, Azərbaycanda da vəziyyət belədir. Qonşu ölkələrdən, xüsusən, Türkiyədən mal sifarişində artımlar müşahidə edilir. Bu da normaldır, çünki iqtisadiyyat rəqəmsallaşdıqca, virtual iqtisadiyyatın payı artıqca onlayn ticarətə maraq da artır. Əslində, sahibkarlar onlayn ticarətdə müasir çağırışlara uyğun olaraq rəqabətə hazır olmalıdırlar. Bu, yeni rəqabət formasıdır. Sahibkarlarımız çalışmalıdırlar ki, xərclərini minimumlaşdırmaqla rəqabət apara bilsinlər. Çünki dünyanın hər bir ölkəsində vətəndaşlar onlayn sifarişlər edir, virtual ticarətdən yararlanırlar. Sahibkarlarımız üçün vacib məqamlardan biri onların da bir sıra prosesləri, xüsusən, idarəetməni onlayna keçirmələri, xərclərini azaltmalarıdır. Bu kontekstdə rəqabətə davam gətirə bilərlər. Ənənəvi metodlarla fəaliyyətin davam etdirilməsi, təbii ki, rəqabətdə bir sıra sahibkarların uduzmalarına səbəb olacaq. Dövlət tərəfindən azad sahibkarlığın inkişafına təşviq var və davam etdirilir. Onlayn xidmətlərdən, onlayn satışdan yararlanan yerli sahibkarlar üçün əlavə təkliflərin tətbiqi mümkündür. Məsələn, ABŞ-də onlayn ticarətlə məşğul olan şirkətlər satış vergisi ödəyirlər. Bizdə də oxşar praktikanın tətbiqi məhz sahibkarlarda onlayn xidmətlərə marağı artıra bilər”.

 

İqtisadçı Pərviz Heydərov da düşünür ki, sahibkarların son dövrlər üzləşdikləri çətinliklər onlayn alış-verişin qlobal miqyasda getdikcə genişlənməsi ilə bağlı tendensiyadır:

Əhalinin məşğulluğunun təmin etmək üçün dövlət səviyyəsində güzəştlər  edilir - RƏY Pravda.az

“Bu, sahibkarlar qarşısında müəyyən çağırışlar qoymaqdadır. Hansı ki həmin çağırışlara sahibkarlar hazır olmalıdırlar. Əks təqdirdə, əlbəttə, onlar bizneslərini dayandırmaq məcburiyyəti qarşısında qalacaq, bazarı tərk etmək qaçılmazlığı ilə üzləşəcəklər. Getdikcə müasir rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə güclü siraət etməsi, iqtisadiyyatda geniş tətbiqi həm istehsalçılardan, həm də ticarətçilərdən, alış-verişlə məşğul olan, biznesin bu istiqamətini tutan sahibkarlardan yeni standartlara, çağırışlara hazır olmağı tələb edir. Burada həm şirkət, həm qiymət, həm də rəqabət, təklif elementləri mühüm rol oynayır. Bütün bunlar satıcı ilə alıcı arasında əlaqəli münasibətlərin yeni mərhələyə daxil olmasını təcəssüm etdirir. Bu, bir həqiqətdir ki, hazırda ölkə vətəndaşlarının əksəriyyəti “Trendyol”dan alış-verişə üstünlük verir. Səbəbləri isə kifayət qədər məlumdur. Vətəndaşların qiymət amilinə üstünlük verdikləri, eyni zamanda keyfiyyət məsələsinə xüsusi diqqət yetirdikləri də aydındır. Burada seçim baxımından əlavə xərclərə yol vermək istəyində olmamaları da xüsusi rol oynayır. Yəni vətəndaş evindən kənara çıxmadan, hər hansı “mall”da əlavə seçim üçün vaxt sərf etmədən, nəqliyyata pul xərcləmədən kompüter arxasında öz yaşadığı nöqtədən rahat alış-veriş etməyi daha məqsədəuyğun hesab edir. Bu da ona əlavə dividentlər gətirir. Bu qlobal tendensiyanın qarşısını almaq qəti şəkildə mümkün deyil. “Trendyol”la bağlı hansısa limit tətbiqi, məhdudiyyətlər qoyulması və s. ilə tendensiyanın qarşısının alınacağını düşünmək nə real, nə də mümkündür. Çünki proses özü qlobaldır. Sadəcə, yerli sahibkarları, yerli ticarət sektorlarını və yerli istehsalı bu tendensiyaya adaptasiya etməyin yollarını düşünmək lazımdır. Həm sahibkarlar özləri bu haqda düşünməli, hazır olmalıdırlar, həm də hökumət səviyyəsində məsələ geniş təşviq və tətbiq olunmalıdır. Hesab edirəm, müvafiq nəticələrə nail ola bilməyimiz üçün yerli saytda onlayn alış-verişin genişləndirilməsi kimi amillərə xüsusi diqqət yetirmək yaxşı olar”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 16 Dekabr 2023, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin