BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyev nəinki Azərbaycanda, bir neçə dövlətlərdəki hazırkı reytinqi ilə həmin ölkələrin də rəhbəri seçilə bilər” - RƏY

“Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri” - Prezident İlham Əliyev deyib. Ölkə başçısı İlham Əliyevin güclü siyasi iradəsi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət nəticəsində onun bu fikirləri dünya arenasında özünü təsdiqləyib, təsdiqləməyə də davam edir. Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına öz adını qalib, suveren ölkə olaraq yazıb.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qarşıdan gələn növbədənkənar prezident seçkilərindən danışıb:

“Prezident İlham Əliyev öz namizədliyinin prezidentliyə yenidən irəli sürülməsinə razılıq verib. Yeni Azərbaycan Partiyası rəsmi olaraq Azərbaycan Respublikasının Prezidentini 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd kimi irəli sürüb, yekdilliklə ona səs verib. Ölkə Prezidenti Azərbaycan xalqı qarşısında gözəl işlər görüb. Onların arasında qızıl hərflərlə tarixə yazılmış məsələlər yer alıb. Artıq Qarabağ tam azaddır, bütün nöqtələrdə Azərbaycan suverenliyi ən yüksək səviyyədə təmin olunub. Bu gün də cənab Prezident rayonlara səfərlər edir. 24 dekabrda dövlət başçısının doğum günüdür. Cənab İlham Əliyevi bu münasibətlə ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə deyib ki, hər bir xalqın, dövlətin taleyində onun yetişdirdiyi liderlərin çox önəmli rolu var:

“Necə ki Azərbaycanın tale payına Heydər Əliyev kimi dahi şəxsiyyət düşdü, yox olmaqdan Vətənimizi xilas etdi, bugünkü müasir Azərbaycanı yenidən qurub yaratdı. Ölkə Prezidenti İlham Əliyev də həmin liderlərdən biridir ki, bünövrəsi möhkəm qurulmuş Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Pyotrdan başlayan və Leninlə, Stalinlə davam etdirilən, hətta Qorbaçovla nöqtəsi qoyulan, Azərbaycana yara kimi vurulan indiki Ermənistan dövləti kimi, Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur kimi ərazilərindəki başağrıları siyasət qrosmeysteri İlham Əliyev tərəfindən ustalıqla, bacarıqla, qətiyyət və güclə həllini tapdı. Son 100 ildə dünyada belə bir həllin analoqu yoxdur. İlham Əliyev bu gücə, qüdrətə sahib siyasi liderdir. Tam əminliklə söyləyə bilərik ki, İlham Əliyev Azərbaycanın milli lideri səviyyəsinə yüksəlib. 50 milyonluq Azərbaycanın qətiyyətli, qürurlu, müzəffər milli lideri!  İlham Əliyev xalqın ona verdiyi bütün yüksək titullara sahibdir, öz millətinin qəlbində taxt qurub. Mübaliğəsiz söyləyə bilərik ki, burada heç bir pafos yoxdur. Sözün əsl mənasında, cənab Ali Baş Komandan bir sərkərdədir. Bütün dünya azərbaycanlılarının ürəyindən keçənləri, demək olar, hər gün bu və ya digər formada söyləyir. Qürurla, mərdliklə, Azərbaycan kişisinə xas keyfiyyətlərlə, dünya siyasətçisinə məxsus cəhətlərlə ölkəni uğurla təmsil edir. Nə qədər “Azərbaycan” adlı məmləkət var, cənab Prezidentin 20 illik siyasi fəaliyyəti tarixə qızıl hərflərlə yazılacaq. İlham Əliyevin adı ilə bağlı hər hansı seçim olarsa, o, nəinki Azərbaycanda, bir neçə dövlətlərdəki hazırkı reytinqi ilə həmin  ölkələrin də rəhbəri seçilə bilər. Bu, hər liderə, siyasətçiyə nəsib olmur. Yalnız öz ölkənin yox, yeritdiyin uğurlu siyasətlə, xarizmanla, ağlınla, zəkanla, hətta digər xalqların da diqqətini cəlb edəsən, xalqlarla yanaşı bir çox dövlət başçıları da sənə azarkeşlik etsin, siyasətini izləsin. Hətta bunu sənin üzünə söyləsinlər. Bütün bunlar cənab İlham Əliyevin uğurlarıdır. Elə bir ömür sürüb ki, həyatını, bütün gücünü, enerjisini, zəkasını hətta Qoşulmama Hərəkatının rəhbəri kimi dünyanın 120 ölkəsinin intibahı, rifahı üçün ortaya qoyub və bunu da çox uğurla apara bilir. Bütün bunlar bizi qürurlandırır ki, belə liderimiz var. Hələ cənab Prezidentin görəcəyi işlər çoxdur. Azərbaycan xalqının hər bir nümayəndəsi çalışdığı, işlədiyi, olduğu hər yerdə bu uğurun davamının gəlməsi üçün öz işlərini layiqincə görməlidir. Gələcək nəsillərə indiki suveren, güclü, bütöv Azərbaycanı aparıb çatdırmalıyıq. Bu həm də bizim müasir nəslin qarşısındakı bir öhdəlikdir. Düşünürük ki, bunu bacaracağıq və illər keçdikcə ölkəmiz - gözəl Azərbaycanımız daha da inkişaf edəcək, çiçəklənəcək”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 23 Dekabr 2023, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin