BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti məhdudlaşdırılır? - AÇIQLAMA

“Emmanuel Makronun rəhbərlik etdiyi Fransa hökuməti  dövlət səviyyəsində Azərbaycana qarşı qərəzli münasibət bəsləyərək Ermənistanı birtərəfli şəkildə yenidən revanşizmə hazırlayır. O cümlədən silahlarla təchiz edir və ölkələrarası münasibətlərin  normallaşmasına hər vasitə ilə maneə olmağa çalışır. Bütün bunlarla yanaşı, agentura şəbəkəsini Azərbaycanda yerləşdirməklə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər olundu. Dövlət Təhlükəsizliyi Xidməti orqanlarımızın çevikliyi sayəsində Fransa səfirliyinin “əməkdaşları” adı altında fəaliyyət göstərən agentura şəbəkəsi ifşa olundu və Xarici İşlər Nazirliyimiz tərəfindən Fransanın iki  “əməkdaşı”nın arzuolunmaz şəxs adlandıraraq 48 saat ərzində ölkəmizi tərk etmələri ilə bağlı səfirə nota təqdim edildi. Fransa da bizim addımımıza cavab olaraq Parisdəki səfirliyimizin 2 əməkdaşını “arzuolaunmaz şəxs” adlandırdı və 48 saat ərzində Fransanı tərk etməli oduqlarını bildirdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

“Azərbaycan-Fransa münasibətlərinin Makronun Prezidentliyinə qədər olan dövrünə diqqət yetirsək, görərik ki, ölkələrarası münasibətlər yüksək səviyyədə inkişaf edirdi. Ölkəmizdə Fransanın universiteti açıldı, şəhərlərimiz qardaşlaşmışdı, Notr-Dam kilsəsininin təmirinə dəstək verdik, Fransanın şirkətləri Azərbaycanda fəaliyyətə başladı və qısa desək, mədəni və iqtisadi sahədə inteqrasiya prosesi sürətlənmişdi. Makronun hakimiyyətə gəlməsi Azərbaycan-Fransa münasibətlərində bir uçurum yaratdı. Çünki Makron Fransadakı erməni diasporunın təsiri altındadır və prezident seçiləndə Ermənistanla bağlı öhdliklər götürmüşdü. Bu öhdəlik birtərəfli şəkildə Ermənistanı dəstəkləmək və Azərbaycana qarşı  qərəz nümayiş etdirməklə bağlıdır. Bu gün Fransa ermənidən çox ermənilik edir. Amma Paris unudub ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycan, nə də Fransa o Fransadır. Bu gün Azərbaycan öz müstəqil mövqeyini qəbul etdirən ölkədir və Fransanın qərəzli cəhdləri ölkəmizi öz mövqeyindən çəkindirə bilməz. Fransa Afrika ölkələrindən qovulduğundan  Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Makronun Azərbaycanafob siyasəti nəticəsində dövlətlərimizarası münasibətlər minimuma enib. Buna baxmayaraq, Fransanın şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə davam edir. Hesab edirəm ki, şirkətlərin fəaliyyətinin davam etdirilməsinə Makrona görə maneə törətmək lazım deyil. Çünki Makron 2027-ci ildə öz “kreslo”su ilə vidalaşmalı olacaq və ondan sonra gələcək Fransa prezidentinin Azərbaycanla münasibətlərini necə quracağı məlum deyil. Əgər yeni gələcək prezident Makronun yolunu davam etdirməzsə, Azərbaycan-Fransa münasibətlərində yeni bir dövr açıla bilər. Azərbaycan-Ermənistan münasibətlərinə isə Fransanın təsir gücü azalıb. Çünki dövlətlərimiz vasitəçi olmadan ikitərəfli şəkildə sülh danışıqlarını davam etdirir və yaxın zamanlarda bunun müsbət nəticələrinin şahidi olacağımızı hesab edirəm. Hər şeyi zaman həll edəcək...”

 

Aytəkin Qardaşova

Tarix: 28 Dekabr 2023, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin