BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - RƏY

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, Azərbaycan xalqı hər il dekabrın 31-i tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi  böyük həvəs və coşqu ilə qeyd edir. Xatırladaq ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə baş tutan iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edilib.  31 dekabr milli birlik, Azərbaycana məhəbbət, dəyərlərimizə hörmət, Vətənə, millətə bağlılıq hisslərini özündə ehtiva edir. Bu təntənə ildən-ilə daha geniş vüsət alır, tarixi qələbələrlə keçirilir. Ölkəsindən uzaqda yaşamasına baxmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər kəs bu gün həmrəylik nümayiş etdirir. Azərbaycan qarşıda duran bütün vəzifələri icra etdi, daha da gücləndi. 2023-cü il kimi 2024-cü ilin də ölkəmiz üçün uğurlu il olacağı şübhəsizdir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bir daha göstərir ki, Azərbaycan daha böyük uğurlara çatmaq üçün qarşısında yaşıl cığırlar açır. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov 31 dekabrı Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərindən biri kimi dəyərləndirib:

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyil. Bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilib. Ulu öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri hər birimizin yaddaşına qızıl hərflərlə həkk olunub - “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Bu bayram dünyanın 70–dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə çevrilib. Biz ötən illərdə hər ili yola salarkən bir-birimizə doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayırdıq. Artıq torpaqlarımız işğaldan azaddır. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Azərbaycan tarixinin ən qürurlu və şərəfli günlərindən birini yaşayır. Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdı. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində dediyi kimi: “Müzəffər Azərbaycan Ordusunun hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində əldə etdiyi qələbə milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq, şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edilmişdir”. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Fürsətdən istifadə edib torpaqlarımızın işğaldan azad olunmasında canından keçən vətən övladlarımızı rəhmətlə anır, qazilərimizə şəfa diləyirəm. Doğma Qarabağ işğaldan azad olundu, qarşıda isə yeni mühüm vəzifələr durur - birliyimizi qorumaq, Qarabağı yenidən dünyanın ən abad, ən gözəl guşələrindən birinə çevirmək. Əminəm ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, birlik və həmrəyliyimizi qoruyaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcəyik. Əziz həmvətənlər! Hər birinizi yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, qarşıdan gələn ilin daha xeyirli və uğurlu olmasını arzulayıram!”

 

Politoloq Yusif Bağırzadə xatırladıb ki, dünya azərbaycanlılarını təşkilatlandırmaq, bir araya gətirmək baxımından ulu öndər Heydər Əliyev, həqiqətən, misilsiz xidmətlər göstərib:

“Ümummilli liderimiz Heydər Əliyev özünün bütün xarici səfərləri zamanı soydaşlarımızla mütləq görüşür, milli birliyin, həmrəyliyin nə qədər vacib olduğunu izah edir və deyirdi ki, bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir, bütün dünyada soydaşlarımızın bir olması zəruridir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu gün tam məsuliyyəti ilə demək olar ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların monolit birliyi və həmrəyliyi xüsusi əhəmiyyət daşıyır. Çox qədim tarixə və milli-mənəvi ənənələrə malik olan, hazırda dünyada sayına görə 50 milyon nəfəri ötən millətimizin eyni mövqedən çıxış etməsi, bir-birlərinə arxa və dayaq durması nəticə etibarı ilə böyük dünya siyasətinə təsir etmək, bu siyasətdə təsirli rola malik olmaq imkanları yaradır. Eyni zamanda xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq və dünyada təbliğ etmək hər birimizin üzərinə düşən çox məsuliyyətli tarixi vəzifədir. Hazırda dünyanın, demək olar, hər yerində soydaşlarımızı birləşdirən güclü Azərbaycan diasporu, icmaları var. Mədəniyyət mərkəzləri, ictimai birliklər yaradılıb. Onlar soydaşlarımızın siyasi-mədəni və mənəvi hüquqlarının qorunması, milli şüurun oyanması və yüksəldilməsi istiqamətində səmərəli iş görməklə yanaşı, Azərbaycan haqqında obyektiv həqiqətlərin yayılmasına, beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsinə nail olublar. Bu il xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü möhtəşəm nailiyyətlər fonunda qeyd edir. Ölkəmizin suverenliyinin təmin olunması, müqəddəs üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dünya Azərbaycanlılarının sevincinə sevinc qatır”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 29 Dekabr 2023, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin