BURADA REKLAMINIZ OLA
BİLƏR

“Uber”in sürücüsü maşınından tapdığı müştərinin kartı ilə "McDonald’sda yemək aldı - HÖKM

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Sabir Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 30 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Sabir Səmədov idarə etdiyi “Toyota Prius” markalı avtomobilin arxa ayaqaltı hissəsindən bank kartı tapıb, həmin gün Sumqayıt şəhəri və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən müxtəlif yerlərdə 186 manatlıq alış-veriş etməklə istifadə edib.

 

Məhkəmə baxışında o, özünü təqsirli bilərək ifadəsində göstərib ki, etibarnamə əsasında “Toyota Prius” markalı avtomobil ilə “Uber” şirkətində taksi kimi fəaliyyət göstərib. Hadisə günü 50 qəpiklik avtoyuma məntəqəsinə girib maşını yuyan zaman avtomobilin arxa ayaqaltı hissəsindən plastik kart tapıb. Həmin plastik kartın üzərində ad yazılmadığını görüb və kartı idarə etdiyi avtomobilin ön qoltuqaltına qoyub. Avtoyuma məntəqəsindən çıxdıqdan təxminən 2-3 saat sonra Sumqayıt şəhərində müştəri aparıb. Bu zaman tapdığı həmin plastik kartla Sumqayıt şəhərində "McDonald’s restoranında “Wifi” vasitəsi ilə təxminən 40-50 manatlıq ödəniş edib. Daha sonra isə Masazırda “Azpetrol” yanacaqdoldurama məntəqəsində maşınına 20 manatlıq benzin vurdurub, o cümlədən “Bravo” marketdən həmin kart vasitəsi ilə alış-veriş edib.

 

Hadisədən sonra Sabir Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-cü (Oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Yanvar 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin