BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə saxtakarlığa yol verən bələdiyyə sədrinə cəza verdi

Qəbələ Rayon Məhkəməsində vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirləndirilən Mahir Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 7000 manat miqdarda cərimə cəzası təyin edilib.


İttihama görə, Mahir Kərəmov 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Qəbələ rayonu Kürd bələdiyyəsinə üzv seçilib. 03 fevral 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə həyata keçirilən iclasda Qəbələ rayonu Kürd bələdiyyəsinin sədri seçilib və həmin dövrdən də öz fəaliyyətinə başlayıb. O, 2020-2023-cü illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, həmin müddətdə bələdiyyənin Qəbələ rayonu Kürd kəndində yerləşən inzibati binasında şəxsi niyyətlə, yəni torpaq sahələrinin icarəsini və satışını maneəsiz həyata keçirmək məqsədi ilə vəzifə saxtakarlığı yolu ilə hazırladığı formal iclas protokollarının gündəliyinə torpaq sahələrini salıb. Cinayət materiallarında göstərilib ki, Mahir Kərəmov hazırladığı formal iclas protokollarının gündəliyinə torpaq sahələrinin satılmasına dair məsələləri qeyd edərək bələdiyyə iclas katibinin əvəzindən imzalayıb.


İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Bələdiyyə sədri məhkəmədə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.

Kamal Məmmədov 

Tarix: 8 Yanvar 2024, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin