BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xüsusi boya ilə yola "rels" çək və ağıllı kamera quraşdırılmış nəqliyyat vasitəsini bu xətlə burax, olsun sənin üçün tramvay"

"20-30 il əvvəl Azərbaycanda internet və onlayn yaradıcılıq əsasən rus dilində idi. Yaradıcı şəxslərdən kimsə gülmək üçün yaxşı bir arayış hazırlamışdı, səhifədən-səhifəyə dolaşırdı: "Bakının insan tipləri". Orada hər tipə bir məzəli xasiyyətnamə verirdi. Komik tiplərdən biri bu idi: Sovet Bakısını şüurlu yaşında görməmiş, amma onun həsrətini çəkən 25 yaşlı rusdilli gənc. İndi də bu tip var, hətta yayılıb, sadəcə azərbaycandilliləşib. Ona görə daha da komikdir. Bunları şəhərin yeni Baş planı bağlantısında xatırlayıram. Tvitterdə bir də görürsən oxuyuram ki, kimlərsə Bakı üçün yenidən tramvay tələb edir. Həsrətini çəkirlərmiş".
 

Pravda.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
 

İ.Məmmədov bildirib ki, indi yəqin sevinəcəklər, hökumət Bakının gələcəyi üçün tramvay nəzərdə tutur: "Halbuki, indi və gələcəkdə tonlarla poladı əridib yola sərməyin heç bir anlamı yoxdur - xüsusi boya ilə yola "rels" çək və ağıllı kamera quraşdırılmış nəqliyyat vasitəsini bu xətlə burax, olsun sənin üçün tramvay. Tramvay XIX-XX əsrin texnologiyasıdır. Əgər hanısa ölkədə onun istehsal infrastrukturu oturuşubsa, həmin ölkədə onu hələ də yaşatmağın mənası var. Mühəndislər, ağır sənaye, polad, mis, vaqon istehsalı və s. müəssisələri, üstəgəl 100 illik tramvaylı şəhər vərdişləri tramvayı Almaniyada, Fransada, Rusiyada yaşatmağı mənalı edir".


"Bu infrastrukturu Azərbaycan sıfırdan yaradacaqsa, bu həm dediyim təzə texnologiyalardan dəfələrlə baha başa gələcək, həm də ölkəmizi bu sahədə ixtsaslaşan xarici şirkətlərdən asılı vəziyyətə gətirəcək. Bakının təzə Baş planını hansısa xarici şirkət hazırlayıb. Çox gözəl. Amma o şirkətin xaricdəki tramvay sənayesi ilə əlaqələri heç araşdırıldımı? Bəlkə ortada korrupsiya var? Söhbət axı milyardlarla dollardan gedir! Ona görə biz REAL partiyası olaraq ən əvvəldən deyirdik ki, Baş plan şəffaf şəkildə hazırlanmalı, Bakı sakinləri ilə hərtərəfli müzakirədən keçəndən sonra təsdiq olunmalıdır. Özü də ilk növbədə təyinatlı icra başçısı yox, seçilmiş şəhər meri tərəfindən" - partiya sədri əlavə edib. 

Tarix: 8 Yanvar 2024, 19:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin