BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə İrandan Azərbaycana qanunsuz keçən əcnəbi ilə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı – Z.Z.-nin (şərti) barəsindəki hökmdə verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Yardımlı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxs cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdüdlarından kənara məcburi çıxarılsın. İttihama görə, İran vətəndaşı olan Z.Z. ümumvətəndaş pasportu olmadığı üçün İrandan Azərbaycana qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycana qanunsuz gələ biləcəyi halda buradan da Rusiyaya getmək məqsədilə Əfqanıstan vətəndaşı olan dostu ilə qabaqcadan əlbir olub. O, 31 mart 2023-cü il tarixdə, saat 2 radələrində Azərbaycan mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “N” nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İrandan Azərbaycana keçib. Daha sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

 

Z.Z.-nin barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2024, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin