BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşları aldadan xəstəxananın əməkdaşına hökm oxundu

Ağcabədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Z.V.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sulduz Ləzimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 000 manat miqdarda cərimə cəzasına məhkum edilib. Hökmün icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilib. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

 

İttihama görə, Z.V. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsində açılıb. O, işi tibbi xidmətlərin göstərilməsi üçün tibb təşkilatına müraciət edən xəstələrin qeydiyyatını aparmaq, tibbi kartların saxlanması və həkimin kabinetinə çatdırılmasını təmin etmək, əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata alınmasında iştirak etmək və digər inzibati-təsərrüfat fəaliyyətlərini həyata keçirib. Təqsirləndirilən şəxs tibbi-sosial ekspertiza müayinəsinə göndərişin rəsmiləşdirilməsi və əlillik dərəcəsi almaq istəyən vətəndaşlara qarşı dələduzluq edib. O, ümumilikdə 10 nəfərdən 13 000 manat pul alıb və pulların hamısını şəxsi ehtiyaclarına sərf edib.

 

Z.V. həmin pulların hamısını vətəndaşlardan Ağcabədi şəhəri ərazisində, əksəriyyətini isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında alıb. O, ifadəsində hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini və onlarla barışıq əldə etdiyini deyib.

 

Kamal Məmmədov

Tarix: 12 Yanvar 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin