BURADA REKLAMINIZ OLA
BİLƏR

Dava zamanı hərbçini öldürən şəxsin cinayət işində qanun pozuntuları aşkarlandı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Baloğlan Bukavadzenin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə yazılı vəsatət təqdim edib və eyniməzmunlu çıxış edib.

 

O, təqsirləndirilən şəxsə ibtidai araşdırma orqanı olan Ağstafa Rayon Prokurorluğunun verdiyi ittihamla razı olmadığını, ona daha ağır ittiham verilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını, Baloğlan Bukavadzenin barəsində seçilmiş həbs qətimkan tədbirinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edib.

 

Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə yazılı vəsatət verərək, ibtidai araşdırma zamanı müstəntiq və prokuror tərəfindən kobud qanun pozuntularına yol verilməsini əsas gətirərək həmin pozuntular arada qaldırılmadan işin məhkəmə baxışına təyin edilməsinin mümkün olmadığını, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına görə Baloğlan Bukavadzenin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək istintaqa qaytarılmasını, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokuroru və iş üzrə ibtidai araşdırmanı aparmış Ağstafa Rayon Prokurorluğunun müstəntiqi barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə tədbir görülməsini bildirib. Eyni zamanda, müdafiəçisi təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin isə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş edib.

 

Qərara əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş vəsatət baxılmamış saxlanılıb. Baloğlan Bukavadzenin müdafiəçisi tərəfindən verilmiş təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilməyib. Baloğlan Bukavadzenin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.

 

Qeyd: Hadisə 2023-cü ilin sentyabrında Ağstafa rayonu Saloğlu qəsəbəsindəki kəndarası yolda Orxan Əlizadənin dostu ilə Saloğlu qəsəbə sakini Baloğlan Abdul oğlu Bukavadzenin idarə etdikləri avtomobillərlə bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində Baloğlan Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. Orxan Əlizadə yıxılarkən başı qaz borusuna dəyib və komaya düşüb. Hadisədən bir neçə gün sonra Orxan Əlizadə ölüb.

 

Xatırlatma: O.Əlizadə hərbi qulluqçu olub.

 

Kamal Məmmədov

Tarix: 16 Yanvar 2024, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin