BURADA REKLAMINIZ OLA
BİLƏR

Fizuli Hüseynov: “Buzu qırıb çimən xəstələrim əvvəl özlərini çox sağlam hiss ediblər, sonda böyrəkləri tam sıradan çıxıb”

“Soyuq suyun insan orqanizminə faydaları da, zərərləri də çoxdur. Faydaları budur ki, soyuq suda çiməndə xoşbəxtlik hormonları endorfinin, serotonin və s. miqdarı artır və insan çiməndən sonra özündə rahatlıq tapır. Soyuq su ilə çimməyin nizamı, qaydası olmalıdır. Məsələn, əvvəlcə insan isti suda çimməlidir və soyuq su ilə kontrast etməlidir. Yəni bir müddət isti, bir müddət soyuq, yenidən bunu təkrarlamalıdır. Ən sonda soyuq suya girib duşu tərk etməlidir. Bu, daha çox faydalıdır. Bəllidir ki, isti suda damarlar, dəri məsamələri genişlənir, açılır. Soyuq suda isə bunun tam əksi baş verir - dəri yığılır, büzüşür, dərinin alt hissələri açılır. Buna görə də dərinin aralarına girib qalmış, qan və qan dövranında əmələ gəlmiş tullantı maddələri geri sovrulur. Beləliklə, soyuq suda çimən zaman dəri daha çox təravətlənir, qan təchizatı yaxşılaşır. Dediyimiz kimi, yalnız isti-soyuq su ilə kontrast edəndə bu proses baş verir. Lakin niyyətimizdə tutsaq ki, sırf soyuq su ilə çiməcəyik, o zaman bu proses baş vermir. Çünki soyuq suya girən kimi dərimiz büzüşür, qırışmış qalır, nəticədə, dərinin drenaj funksiyası öz fəaliyyətini az göstərir”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Herba Flora şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, məşhur fitoterapevt həkim Fizuli Hüseynov deyib.

 

O, qış aylarında qarda, buzlu suda çimməyin zərərləri barədə öz praktikasını bölüşüb: “Rusiyada yaşayan bir neçə xəstəm olub. Onlar buzu qırıb çimiblər. Onlarda mütəmadi olaraq böyrək sallanması, prostatit, prostat vəzin hiperplaziyası tez baş verib. Düzdür, əvvəl-əvvəl özlərini çox sağlam hiss ediblər. Hətta böyrəkləri tam sıradan çıxmış, qlomerulonefritə qədər gedib çıxmış xəstələr görmüşəm. Yəni soyuq suyun faydaları var, amma həddindən artıq çox miqdarda soyuq suda və soyuqda olmaq orqanizmdə iltihabi prosesləri çoxaldır”.

 

Həkim bildirib ki, soyuq su və isti su ilə birlikdə bədənin müalicə üsulu var: “Məsələn, yaşlı adamların, şəkər xəstələrinin, kök insanların ayaqlarında qızıl yel əmələ gəlir. Qızıl yelin sadə müalicə üsullarından biri budur. Xəstənin yanına bir vedrə isti, bir vedrə soyuq su qoyulur. Xəstə ayağına 1 stəkan soyuq, 1 stəkan isti su  tökür. 1 həftə boyunca hər gün vedrə tam boşalana qədər bunu davamlı təkrarlamaqla qızıl yel kimi ağır xəstəliyi rahat şəkildə müalicə etmək olur. Bəs bu zaman hansı proses baş verir? İsti su töküləndə ayaqlarda genişlənmə baş verir, soyuq töküləndə isə  yığılma. Bu zaman əzələlərin tonal təqəllüsü, yəni qeyri-iradi olaraq hərəkəti, eyni zamanda əzələ daxilində damarların və sinirlərin hərəkəti baş verir, toxumada canlanma əmələ gəlir. Bu üsulla bir sıra yaraların, xoraların, bədənimizə çıxmış bir sıra infeksiyaların da aradan qaldırılmasına nail ola bilərik. Hər şeyi nizamında, tərəzisində edəndə orqanizm üçün faydalı olur. Aşırı dərəcədə edəndə isə ziyan olacaq. Xatırladım ki, soyuq su ilə isti suyun kontrastını hər bir insan çimən zaman etməli, ən sonda soyuq su qəbul edib hamamdan çıxmalıdır. Yaxşı olar ki, soyuq suyu qollarına və əsasən də ayaqlarına çox tutsun. Çünki isti sudan çıxandan sonra qan daha çox ayaqlara yığıldığından insanda pessimistlik əmələ gəlir. Lakin ayaqlara soyuq suyu çox tutanda qan yuxarıya doğru gedir. Bu isə orqanizmi gümrahlaşdırır. Soyuq suyun üstünlüklərindən biri də budur”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Yanvar 2024, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin