BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürən şəxs: “İşə getdiyinə görə onu evdə döydüm”

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Didiyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.


Məhəmməd Didiyev ifadəsində göstərib ki, 2012-ci ildə Firəngiz Yusifova ilə ailə həyatı qurub və 2017-ci ilə qədər Zaqatala rayonunun Gözbarax kəndində yaşayıblar. 2017-ci ildə həyat yoldaşı anasının təkidi ilə rayon ərazisində yerləşən şirkətlərin birində işə qəbul olunub. Lakin bir müddət sonra oğlu şəhərində yerləşən gimnaziyada təhsil aldığından dərs saatlarının səhər tezdən başlaması ilə əlaqədar Firəngiz Yusifovaya işdən çıxmasını bildirib, amma qadın belə niyyətinin olmadığını və Zaqatala şəhərində yaşamaq istədiyini söyləyib.


Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən hadisədən 1 il əvvəl həyat yoldaşı Firəngiz Yusifova onun başqa qadınla aralarında sevgi münasibətinin olmasını öyrənib və həmin məsələ bir-birilərinə olan inamı sarsıdıb: “Onun hər gün işə gedib-gəlməsinə əsəbiləşdim və arvadımı evdə döydüm. Bu səbəbdən Firəngiz oğlumuzu da götürüb atasının Zaqatala şəhərində yerləşən evinə köçdü. Həyat yoldaşımın şikayəti əsasında Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Bundan bir neçə gün sonra isə məhkəmədən Firəngizin boşanmaq üçün müraciət etdiyi bildiriş gəldi. Onunla barışmağa çalışsam da, buna nail ola bilmədim və Firəngizin qohumlarına boşanacağı təqdirdə onu öldürəcəyimi söylədim. Polis Şöbəsində aparılan araşdırmadan sonra xeyli müddət əvvəl lüləsi kəsilmiş halda meşədən tapdığım və ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyim təklüləli ov silahını gizlincə aparıb Firəngizin yaşadığı evin zirzəmisinə qoydum. Hadisədən təxminən iki gün əvvəl arvadımla telefon vasitəsilə danışaraq peşman olduğumu, bütün vaxtımı ailəmə sərf edəcəyimi və Zaqatala şəhərində yeni aldığım mənzili də onun adına rəsmiləşdirib bir yerdə yenidən yaşamağı xahiş etdim. Lakin Firəngiz razı olmadı və yenidən ailə həyatı quracağını dedi. Bundan sonra Firəngizin mənimlə barışıb yenidən bir yerdə ailə kimi yaşamayacağı təqdirdə onu öldürməyi qərarlaşdırdım.


16 mart 2023-cü il tarixdə oğlumu məktəbə aparmaq üçün Firəngizin yaşadığı evə getdim və orada olan zaman arvadımla söhbət etmək istədim. Amma o, nalayiq ifadələr işlədərək məni təhqir etdi. Mən yenə də Firəngizə barışacağıma ümid etdim və Zaqatala Rayon Məhkəməsində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesində iştirak edərək arvadımdan boşanmaq istəmədiyimi bildirdim. Sonra o, evdən əşyalarını da yığıb apardı. Hadisədən əvvəl evdən iki ədəd patronu götürüb Firəngizin yaşadığı evin zirzəmisində gizləndim. Sonra arvadım qapıdan çıxdığını gördüm. Mən silahı Firəngizə tərəf tuşlayıb təxminən 10 metr məsafədən bir dəfə atəş açaraq geri dönüb qaçdım və bu zaman telefonumla qalan bir ədəd patron cibimdən düşdü. Daha sonra silahı küçəyə çıxış darvazasının yanına qoyub Zaqatala Rayon Polis Şöbəsinə getdim və baş verən hadisə barədə məlumat verdim. Barəmdə ədalətli qərar çıxarılmasını xahiş edirəm”.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.


Qeyd: Məhəmməd Didiyev ibtidai istintaq zamanı verdiyi ifadəsində deyib ki, Firəngiz Yusifovanı vuraraq öldürdüyü silah təxminən 7-8 il əvvəl qadının atası tərəfindən ona hədiyyə olunub.

 

Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2024, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin