BURADA REKLAMINIZ OLA
BİLƏR

Çayxanada həmkəndlilərini döyən şəxs azadlığa buraxıldı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən T.Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Tovuz Rayon Məhkəməsinin çıxardığı 2 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.


İttihama görə, hadisə 20 may 2023-cü il tarixdə, saat 18 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndinin ərazisində yerləşən çayxanada qeydə alınıb.


Belə ki, T.Məmmədov sərxoş vəziyyətdə, zərərçəkmiş şəxslərdən birinin icarə əsasında işlətdiyi çayxanada həmkəndlisi, digər zərərçəkmişlə birlikdə masada əyləşib çay içən digər həmkəndlilərinə salam verib. Bu zaman onlardan biri təqsirləndirilən şəxsin salamını almayıb. T.Məmmədov həm onun salamını almaması, həm də iki il əvvəl zərərçəkmişlərdən biri yaşadığı İbrahimhacılı kəndinin adına xoşagəlməz ifadə işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan orada səs-küy salıb, davamlı olaraq yüksəkdən nalayiq ifadələr işlədib. Həmin vaxt ondan çayxananı tərk etməsi tələb edilib. Lakin T.Məmmədov çay stəkanı ilə qəsdən zərərçəkmiş şəxslərdən birinin baş nahiyəsinə bir dəfə zərbə ilə vuraraq ona xəsarət yetirib. Eyni zamanda o, stəkanı sındıraraq xuliqanlıq əməli törədib.


Hadisədən sonra T.Məmmədov saxlanılıb və barəsində iltizam qətimkan tədbiri seçilib.


Tovuz Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Kamal Məmmədov 

Tarix: 19 Yanvar 2024, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin