BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta diploma görə cəzalanan şəxsin istəyi reallaşmadı

Şirvan Apellyasiya Məhkəməsində rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Rəsul Umudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: Bir müddət əvvəl Füzuli rayonunun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta olması üzə çıxıb. Bəlli olub ki, R.Umudovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının məzunu olması ilə bağlı təqdim etdiyi diplom saxtadır. Həmin diplom əsasında 3 il vəzifədə çalışan şəxs dərhal işdən azad edilib və onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə cinayət işi açılıb.


Füzuli Rayon Məhkəməsinin hökmü ilə Rəsul Umudova qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzası verilib. Həmçinin o, 1 il müddətində dövlət və yerli özünüidarə orqanlarında təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 26 Yanvar 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin