BURADA REKLAMINIZ OLA
BİLƏR

Ginekoloq: "O demək deyil ki, 45 yaşında qadın hamilə qala, sağlam bir hamiləlik davam etdirə, sağlam uşaq dünyaya gətirə bilməz"

Xəzər TV-də yayımlanan “Ənənə boxçası” verilişinin bir neçə il əvvəl çəkdiyi kadrlar gündəm olub. Belə ki, həmin kadrlar Bərdənin Cəyirli kəndində yaşayan Tünzalə İsgəndərova 42 yaşında 17-ci uşağa hamilə olarkən çəkilib. Sözügedən görüntülər sosial şəbəkələrdə çoxlarını təəccübləndirib, geniş müzakirə yaradıb.  Pravda.az kadrları araşdırıb. Məlum olub ki, İsgəndərovlar ailəsi Azərbaycanda ən çox uşağı olan yeganə ailədir. Əslində, Tünzalə İsgəndərova 22 dəfə ana olub. Lakin doğulan körpələrdən 5-i dünyasını dəyişib. 22 dəfə uşaq dünyaya gətirən qadına müasir dövr üçün nəinki Azərbaycanda, hətta dünyada nadir rast gəlinir. Əksər qadınlar düşünürlər ki, 35 yaşdan sonra uşaq dünyaya gətirmək ana və körpəsi üçün təhlükəlidir, 40 yaşında hamilə qalan qadınların uşaqları isə ya xəstə, ya da şikəst doğulurlar. Tünzalə İsgəndərovanın görüntüləri cəmiyyətdə formalaşan bu düşüncələri bir növ dəyişdi desək, yanılmarıq. Hətta onu “qəhrəman ana” adlandıranlar da olub. 

 

Tanınmış mama-ginekoloq Rəşad Soltan məsələnin tibbi tərəfləri barədə Pravda.az-a bildirib ki, tibb sahəsində 2x2 həmişə 4 etmir: 

 

“Başqa sözlə desək, səbəb, nəticə və əlaqələr bu qədər konkret deyil. Yəni “bu yaşda qadın hamilə qalsa, mütləq uşaq düşəcək”, “qadın 40 yaşda heç bir şəkildə hamilə qala bilməz, bu yaşdan sonra hamiləlik həmişə patoloji olacaq” kimi anlayışlar yoxdur. Sadəcə, risk fakoru, risk ehtimalı, faiz anlayışı var. Bu məsələlər o qədər qeyri-konkretlikdən uzaqdır ki, müasir təbabətdə birbaşa “səbəb” sözünü yox, “risk faktoru” sözünü işlədirik. “Yaş hamiləlik patologiyalarının səbəbidir” demirik. “Yaş hamilə qala bilməməyin bir risk faktorudur” deyirik. Yaş artıqca hamilə qalma ehtimalı ona görə azalır ki, qadında yumurtalığın rezervi azalır. Bu problemlər, xüsusən, 35 yaşdan sonra meydana çıxır. İkincisi, yaş artdıqca uşaqların qüsurlu doğulma, xromosom anomaliyaları ehtimalı da artır. Üçüncüsü, bu və ya digər səbəblərdən yaş artdıqca hamiləlik patologiyalarının hamısının görünmə ehtimalı da artır. Yaş məsələsini gündəmə gətirməyimiz doğrudur, boş söz deyil. Amma o demək deyil ki, 45 yaşında qadın hamilə qala, sağlam bir hamiləlik davam etdirə, sağlam uşaq dünyaya gətirə bilməz. Yəni, bu, birmənalı belə deyil, amma ola da bilər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 26 Yanvar 2024, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin