BURADA REKLAMINIZ OLA
BİLƏR

"AŞPA böyük dövlətlərin əlində bir maşadır" - RƏY

Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi nəticəsində Qərbin bir çox dövlətləri regional müdaxilə vasitəsini itirdi. Azərbaycana qarşı qərəzli olan bəzi dövlətlər və təşkilatlar beynəlxalq hüquq və ədalət mövqeyindən deyil, açıq şəkildə qeyri-obyektiv, məkrli mövqedən çıxış etməyə başladılar. Məhz 24 yanvar tarixində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin səsvermə hüququnun 2025-ci ilin yanvar ayınadək məhdudlaşdırılması haqqında qəbul edilən qətnamə də Avropa institutlarında beynəlxalq hüquq və ədalət anlayışlarının sadəcə hansısa konkret dövlətlərin siyasi ambisiyalarına xidmət etdiyini göstərir.

 

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi və Azərbaycanın AŞPA-da mandatını təsdiqləməkdən qeyri-müəyyən müddətə imtina etməsi gözlənilən və proqnozlaşdırılan idi: 

“Hələ 2023-cü ilin oktyabr ayında AŞPA ““Dağlıq Qarabağ”da humanitar vəziyyət” adı altında qətnamə qəbul etmiş, Azərbaycana qarşı əsassız iddia və iftiralarını ortaya qoymuş, Azərbaycanı hədələmişdi. İndiki vəziyyətdə isə bəhanə qismində göstərir ki, guya Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib, AŞPA ilə əməkdaşlıq xəttinə sadiq qalmayıb və s. Bu kimi bəhanələrə istinad edərək Azərbaycana qarşı təzyiq dili ilə danışıb və davranış ortaya qoyub. 2001-ci ildən bu beynəxalq təşkilatın üzvüyük. Dəfələrlə AŞPA-nın Azərbaycana münasibətində belə əsassız iddiaları görmüşük. Lakin heç vaxt Azərbaycana münasibətdə belə sərt davranış ortaya qoyulmayıb. Hətta 2014-cü ildə Rusiya Krımı nəzarətə götürdükdən sonra belə Rusiyanın AŞPA-dakı səsvermə hüququ ləğv edilsə də, onun mandatını təsdiqləməkdən imtina etməmişdi. Biz isə heç kimin torpağını zəbt etməmişik. Azərbaycan öz tarixi torpaqları üzərində suverenliyini təmin edib. Buna görə Azərbaycanı ittiham edir, Azərbaycana qarşı təzyiq üsullarını işə salırlar. Doğrudan da, çox gülünc, çox əsassız iddialardır. İkili standartların və siyasi riyakarlığın birbaşa nümunəsidir. Bizim “günahımız” ondadır ki, niyə torpaqlarımızı gedib danışıqlar yolu ilə yox, hərbi yolla geri almışıq? Nə üçün beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın, Avropa Şurasının tələblərini yerinə yetirməmişik? İndi də elə tələblər qoyublar ki, Azərbaycan Ermənistana münasibətdə güzəşt yolunu seçməli, sərhədlərin delimitasiya və demarkasiyasında erməni maraqlarını nəzərə almalı, Zəngəzur dəhlizindən imtina etməlidir. AŞPA-nın əsas niyyətləri budur. Onların bizə qarşı təzyiqlərini şiddətləndirən amillərdən biri də budur ki, ümumiyyətlə, Azərbaycan xarici siyasətindəki çoxvektorluqdan imtina etməli, birbaşa Qərb istiqamətini seçməlidir. Bu addımlarla Azərbaycanı tutduğu yoldan döndərmək olmayacaq. Bizim işimiz haqq işidir. Öz yolumuzla gedirik, heç kimin daxili işlərimizə qarışmasına imkan vermərik. Biz də heç bir dövlətin daxili işlərinə qarışmırıq”. 

 

E.Nəsirov bildirib ki, AŞPA kifayət qədər “dişsiz”, nüfuzdan düşmüş bir təşkilatdır: “AŞPA yaradılarkən əsas amalı, məqsədi bu idi ki, hər bir avropalının hüquqlarını müdafiə etsin. Lakin o, nəinki hər bir avropalının hüquqlarını müdafiə etdi, selektiv müdafiə yolunu seçdi. Lazım gələndə 1 nəfərin hüquqlarını müdafiə etdi, lazım gəlməyəndə 1 milyondan çox məcburi köçkün və qaçqınımızın taleyinə biganə qaldı. Onların total şəkildə pozulmuş hüquqlarını bərpa etmədi, Ermənistana münasibətdə heç bir təzyiq mexanizmlərini işə salmadı. İşğalçının və azərbaycanlılara qarşı etnik təmizləmə, soyıqırımı siyasətini həyata keçirmiş bir dövlətin AŞPA-dakı səsvermə hüququnu dayandırmadı, onun mandatını təsdiqləməkdən imtina etmədi. Bütün bunlar həqiqətdir və XXI əsrdə dünyanın gözü qarşısında baş verir. Görürsən ki, beynəlxalq təşkilatlar böyük dövlətlərin əlində alətə çevrilib. Bu gün AŞPA, sözün həqiqi mənasında, böyük dövlətlərin əlində bir maşadır. Ondan istədikləri kimi istifadə edirlər. Vaxtilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti mövcud olduğu zamanda Ermənistanın etnik təmizləmə, mədəni-tarixi abidələrimizi məhvetmə siyasəti ilə bağlı məsələləri AŞPA-da qaldırarkən onlar deyirdilər ki, bu, bizim profilimizə aid məsələlər deyil, bununla ATƏT məşğuldur. İndi isə necə böyük müvəffəqiyyətlə erməni maraqlarının müdafiəsinə qalxıblar. Bu, ikiüzlülük, siyasi riyakarlıq, ikili standartlıqdır. Biz də bununla növbəti dəfə üz-üzə qalmışıq. Bizi narahat edən başqa bir məqam da var. Bu gün elə Azərbaycanın özündə də bəzi siyasi dairələr, xüsusilə REAL Partiyası və onun sədrinin timsalında AŞPA-nın anti-Azərbaycan siyasətinə bir rəğbət hiss olunur. İndi həm AŞPA-nı dəstək, həm də proseslər fonunda Türkiyəyə qarşı iddialar ortaya atılır. Bu, əslində böyük qüvvələrdən gələn mesajlar əsasında reallaşdırılır. Həmin siyasi dairələr AŞPA-ya da mesajlar göndərir, AŞPA-nın buradakı əlaltılarına da. Görürük ki, həm Azərbaycana qarşı təzyiq və təhdid dili ilə danışır, bizi sanksiyalarla hədələyirlər, bunu reallaşdırmaq istəyirlər, digər tərəfdən də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirmək istəyirlər. Ən acı reallıq da budur. Hesab edirəm, Azərbaycan ictimaiyyəti də görür ki, REAL Partiyası və onun rəhbəri İlqar Məmmədovun timsalında biz AŞPA kimi anti-Azərbaycan siyasi təşkilatının əlində alətə çevrilmiş qüvvələrlə üz-üzə qalmışıq. Onlar bu gün Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udurlar, amma AŞPA-nın sifariş verdiyi “mahnını” ifa edirlər. Xalqımız hər şeyi görür, elə bu səbəbdən də belə partiyaların cəmiyyətimizdə nüfuzu sıfıra bərabərdir. Onlar heç bir real gücə malik deyillər. REAL Partiyası xüsusilə heç bir real gücə malik deyil. Güc-bəla ilə 5 min səsi toplayıb öz mövcudluğunu saxlayan bu partiya ona görə prezident seçkilərinə qatılmadı ki, 40 min səsi toplamaq üçün heç bir siyasi gücü, potensialı, xalqın etimadı yox idi. Xalq bir daha kimin kim olduğunu gördü. Gördü ki, xaricdəki düşmənlərimiz və onun yerdəki əlaltıları kimdir”. 

 

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov isə deyib ki, Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda qarşısına qoyduğu əsas məqsəd Ermənistanla konfliktin ədalətli həll olunması və bununla bağlı Avropa İnstitutlarının real dəstəyini qazanmaq olub:

“Təəssüf ki, ötən 30 ilə yaxın müddətdə bu qurum yalnız dekoratik fikirlər söyləməklə yaxasını kənara çəkir. Azərbaycan insanının, 1 milyondan artıq Azərbaycan qaçıqınının fundamental dəyərlərini, onların öz torpaqlarına geri qayıtmaq hüquqlarını tanıyan heç bir real bəyanat vermədi, addımlar atmadı. Amma Nizamnaməsinə baxsaq, insan haqlarından, demokratiyadan, fikir plüralizmindən və s. dəm vurur. Əslinə qalsa, tam aydın bilirik ki, AŞPA Frankafoniya dövlətlərinin təsiri altındadır - Fransa, Belçika, Niderland və s. Avropanın Almaniya kimi böyük ölkəsi də bu çirkin oyunda alət olaraq istifadə edilir. Azərbaycan tərəfi çox doğru və düzgün addım atdı, bəyanat verərək təşkilatla olan münasibətlərini, oradakı fəaliyyətini hələlik dondurmağı məsləhət bildi. Düşünürük ki, bu, yerində atılmış addımdır. Çünki artıq beynəxalq hüququn işləmədiyi, ədalətin olmadığı bir yerdə ağa “qara” deyən bu təşkilatla birgə addımlamaq Azərbaycan üçün yolverilməzdir. Səsvermə zamanı bir neçə nüansları gördük. Hətta Azərbaycana dost olan ölkələrin parlamentarilərinin də əleyhimizə səs verməsi bu anlama gəlməlidir ki, parlament üzvləri arasında əsasən müxalif partiyaların üzvləri, yəni solçu partiyalar, sosialistlər daha çox aktivlik göstərirlər. Bu, həmin ölkələrin rəsmi dövlət, hökumət mövqeyi deyil. Qardaş Türkiyənin mövqeyi çox ədalətli, doğru idi. İştirak edən deputatlar Azərbaycanın leyhinə səs verdilər. Türkiyədə müxalif partiyanı təmsil edən Kürdüstan Fəhlə Partiyasının və adı qaranlıq məqamlarda çəkilən deputatın Azərbaycan əleyhinə səs verməsi də hamımıza bəlli oldu. Artıq nələr vaş verdiyi hər birimizə aydındır. Fransanın drijorluğu ilə səsverməyə qoşulan xorun üzvləri onlara tapşırılan missiyanı yerinə yetirdilər. Amma qələbəni yenə Azərbaycan qazandı. Azərbaycan nümayəndə heyəti bəyanat verərək səsvermədən öncə həmin ərazini tərk etdi. Bununla yenə də Azərbaycanın gücünü və qürurunu bütün dünyaya göstərmiş oldular. Sosial şəbəkədə ölkəmizdəki bəzi siyasi partiyaların nümayəndələrinin də fikirlərini gördüm. Digər insanlar da bu məsələdə Türkiyənin hər hansı mövqeyini ortaya qoymağa çalışırlar. Bu, yolverilməzdir. Türkiyə və Azərbaycan nümayəndə heyəti koordinasiyalı işləyir. İnsanların bir çoxunun bilib-bilmədən bu məsələ barədə yanlış fikir söyləməsi Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna xələl gətirə bilər. Belə hallarda diqqətli olmalıyıq. Unutmayaq ki, Azərbaycan və Türkiyə kimi dünyada təkcə dil, din kökü ilə yox, hətta ruhu ilə bir-birinə bağlı olan xalqa, dövlətə rast gəlmək mümkün deyil. Bizim birliyimiz gücümüzdür. Və bu gücü, birliyi qoruyub-saxlamaq, daha da inkişaf etdirmək hər birimizin borcudur”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Yanvar 2024, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin