BURADA REKLAMINIZ OLA
BİLƏR

Bibisi oğluna qarşı 100 minlik dələduzluq edən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Salman Məmmədəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədəliyev 6 il müddətinə azadlıq məhrum edilib.İttihama görə, S.Məmmədəliyev bibisi oğlundan aldatma yolu ilə 100 min manat alıb və verdiyi vədə əməl etməyib.

 

Araşdırmalar zamanı məlum olub ki, o, Elşən adlı bibisi oğluna Yevlaxdakı şirkətlərdən birinə bölgə müdiri təyin edildiyini bildirib və gübrə işinə 100 min manat qoyarsa, 15 gün içində 30 faiz gəlir götürə biləcəyinə inandırıb. 

 

Bundan sonra o, Bakı şəhərinə gələrək qohumundan üç dəfəyə olmaqla ümumilikdə 100 min manat alıb. Lakin qısa vaxt sonra Salmanın hər hansı bizneslə məşğul olmaması üzə çıxıb və o, aldığı pulları qaytara bilməyib. Bundan sonra yaxın qohumlar arasında narazılıq başlayıb. Elşən dayısı oğlu barəsində şikayət edib. Salman bibisi oğluna yaşadığı evin sənədlərini verib.

 

Oğlunun əməllərini görən Salmanın atası Müşfiq Məmmədəliyev məktub yazaraq intihar edib. O, məktubunda “min bir əziyyətlə qurduğum evin verilməsinin əleyhinəyəm”, yazıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədəliyev bütün pulların atasına çatdığını bildirib və heç bir günahının olmadığını deyib.

 

Zərərçəkmiş tərəf isə yaxın qohum olduğu üçün Salmanın həbs edilməsini istəmədiklərini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiklərini deyiblər.

 

Kamal Məmmədov

Tarix: 30 Yanvar 2024, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin