BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvət alan sabiq dekanla bağlı hökm dəyişdirildi

Gəncə Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən təyin edilmiş 4 il sınaq müddəti artırılmaqla 5 il həddində müəyyən edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 8  il müddətinə azadlıqdan məhrum etməcəzası 4 il sınaq müddəti ilə şərti hesab edilib. Famil Nəsibov barəsində əsas qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib və həmin əsas qətimkan tədbiri vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Xatırlatma: Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
 

Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 31 Yanvar 2024, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin