BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Xocalıya qayıdış məsələsində heç bir tərəddüd olmamalıdır"

Xocalıya qayıdış məsələsi geniş müzakirə olunur. Bir çoxları təklif edirlər ki, Xocalı şəhəri anım, xatirə yeri kimi əbədiləşdirilməlidir. Çünki soyqırımına məruz qalmış Xocalı sakinlərinin həmin ərazidə yenidən yaşamaları onlar üçün ciddi travma ola bilər. Sosial şəbəkələrdə də sakinlərin bəziləri yazıblar ki, onların ailələri ermənilər tərəfindən qətlə yetirilib, tək qalıblar, yenidən həmin qanlı-qadalı yerdə yaşamaları mümkünsüzdür. Lakin bu fikirləri qəbul etməyənlər də var. Bəziləri “Xocalı dərin yaradır, amma mütləq sağalmalıdır” düşüncəsindədirlər... 

 

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov isə Pravda.az-a açıqlamasında fikirlərini belə ifadə edib: “Hər bir Xocalı sakini, o cümlədən mən uzun illərin həsrətini yaşayırıq. O ümid, həsrətlə yaşayırdıq ki, Xocalımız işğaldan azad olunsun, biz də gedib doğma yurd-yuvamızda yaşayaq. Mən bir Xocalı sakini kimi deyirəm ki, bu, mənim arzumdur, gedib Xocalımızda yaşayacağıq. Bu gün Xocalıda çox sürətlə bərpa-quruculuq işləri gedir. Bütün sahələrdə infrastruktur yaradılır. Bu saat mənim ata evim tikilir. Hər gün təmir işinə rəhbərlik edən şəxslərlə telefon əlaqəsi saxlayıram. Xocalı polisi də oradadır. Xocalıdan olan çox sayda fəhlə, usta hazırda həmin ərazilərdə işləyir. Onlarla da əlaqə saxlayıram. Bizim evin yaxınlığında dayanıb mənimlə görüntülü danışırlar. Mən də baxıram ki, orada nə işlər görülür. Tezliklə gedib Xocalıda yaşayışımızı bərpa edəcəyik. Bu fikirlərlə razı deyiləm. Kimsə deyir ki, gedib Xocalıda necə yaşayacağıq? Biz düşməndən qisasımızı almışıq. Doğma yurdumuzda yaşamaq hər birimizin vətəndaşlıq, xocalılıq borcumuzdur. Şəhidlərimizin ruhunun rahat, şad olması üçün Xocalıya yenidən qayıtmalıyıq. Ora bizim tarixi yurdumuzdur”. 

 

Deputat Xocalının adının əbədiləşdirilməsi barədə təkliflərə isə belə cavab verib: “Arzu etmişdim ki, ermənilər Xocalını necə viran qoymuşdularsa, soyqırımı törətmişdilərsə, soyqırımına məruz qalmış bir şəhər kimi Xocalı dövlət səviyyəsində qorunub-saxlanılsın. Uçmuş, dağılmış, yandırılmış evlərin hər birinin üzərinə lövhələr vurulsun ki, bura kimin evi olub, burada kim yaşayıb. Hətta misal da çəkmişdim. Bizə qarşı düşmənçilik edən erməni dığası Makronun rəhbərlik etdiyi Fransanın Oradur Sür-Qlan adlı şəhəri var. İndi Fransa ilə dostluq, bacılıq edən almanlar İkinci Dünya müharibəsi dövründə həmin şəhəri bütövlüklə yandırmışdılar. Həmin vaxt kiçik şəhər idi, almanlar 100 neçə nəfərlik sakinin hamısını kilsəyə yığıb yandırmışdılar. Biz gedib baxdıq, həmin şəhər hasara alınıb. Bütün yanmış evlər, kilsə olduğu kimi saxlanılıb. Lövhələr vurulub, tarixi abidə kimi qorunur. Arzu edərdim ki, Xocalıda da belə bir şey yaradılsın. Amma artıq qərar verilib ki, Xocalı yenidən tikilir, bərpa olunur. Abidə məsələsi isə, təbii ki, cənab Prezidentimizin nəzarətindədir. Onun tapşırığı ilə Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə yeri də məlumdur, tikiləcək. Xocalıda tarixi yerlər də çoxdur. Gümbəzimiz qalıb, müxtəlif yerlər var. Bunlar da qorunub-saxlanılacaq. Ancaq Xocalıya qayıdış məsələsində heç bir tərəddüd olmamalıdır. Biz qayıdıb doğma yurd-yuvamızda yaşamalıyıq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 31 Yanvar 2024, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin