BURADA REKLAMINIZ OLA
BİLƏR

Valideyn-övlad münasibətləri düzgün qurulan ailələrdə böyüyən uşaqlar daha sağlam olurlar - RƏY

Azərbaycan ailələrində fiziki və mənəvi tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edən anlayışdır. Bu, əsasən ictimai xarakter daşıyır. Bir uşağın tərbiyəsi onun hansı ailədə böyüməsindən, valideynlərinin şəxsi keyfiyyətlərindən çox asılıdır. Mütəxəssislər düşünürlər ki, uşağa qorxu gəlməklə, etik qaydalara uyğun olmayan hər hansı bir ifadələr səsləndirməklə ona cəza vermək, tərbiyələndirmək mümkün deyil. Ailədə xoşagəlməz münasibət görən, valideyn qayğısından kənar qalan uşaqlar yaş keçdikcə həyatlarındakı sevgi boşluqlarını ailələrindən kənarda axtarmağa başlayırlar və bu da zamanla yanlış qərarlar vermələrinə səbəb olur. Hazırda ölkəmizdə erkən nikaha daxil olan yeniyetmələrin sayının artmasının əsas səbəblərindən birinin də məhz ailə qayğısından məhrumiyyət olduğu deyilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, indiki cəmiyyətdə belə hadisələr başlı-başına buraxılıb:

“Ən böyük qüsurumuz budur. Çünki cəmiyyət gündən-günə mürəkkəbləşir, həssaslaşır. Belə bir vaxtda bütün elmi nəzəriyyələr də tövsiyə edir ki, bu cür hadisələri başlı-başına buraxmaq olmaz. Uşaq və gənclərin inkişafı ilə bağlı ölkədə ciddi tədqiqatlar aparan elmi mərkəzlər olmalıdır. Həmin mərkəzlər fəaliyyət proqramı hazırlamalıdırlar. Ümumiyyətlə, ölkədə sosial, humanitar siyasət, gənclərlə iş dəyişməlidir. Bu, baş vermir. Buna məsul olan adamlar, deyəsən, sonacan nə etmək lazım olduğunu bilmirlər. Nə yeniyetmələrin təlim-tərbiyəsi ilə bağlı işlər arzuolunan səviyyədədir, nə onlarla bağlı vacib sənədlər qəbul olunur. Fəaliyyət proqramı olmalıdır,  qanunvericilikdə dəyişikliklər  edilməlidir. Bunların heç biri edilmir. Heç nəyə ciddi, lazım olan səviyyədə diqqət yetirilmir. Buna görə də gənclərin inkişafı, onlarda arzuolunan və arzuolunmayan xüsusiyyətlərin formalaşması ilə bağlı lazım olan işlər görülmür. Ayrı-ayrı kiçik məsələdən danışmaq lazım deyil. Məsələdən geniş, stratejik danışmaq lazımdır”. 

 

Tanınmış psixoloq Aygün Ağabalayeva isə ölkəmizdə yeniyetmələr arasında erkən nikahla bağlı statistikanın sayının artması barədə danışıb:

Aygün Ağabalayeva: Azərbaycan qadını öz biliyi, istedadı və ağlı ilə  cəmiyyətdə yüksək yer tutur - "İki sahil"

“Çox təəssüf ki, yetərincə danışılsa da, maarifləndirmə işləri aparılsa da, yenə də bu mövzu aktual olaraq qalır. Uşaqların yeniyetmə yaşında erkən nikaha daxil olmalarına çox fərqli səbəblər gətirmək mümkündür. Hər bir ailənin özünə görə modeli və qaydaları var. Konfliktli ailələr də az deyil.  Ailədaxili konfliktlər çoxalanda qız uşaqları da sanki bu cür ailədən qurtulmaq üçün yaşa baxmadan belə bir addım atırlar. Evdən qaçıb gedirlər. Ailədə ata və ana arasında konfliktlər olanda, övladla valideyn arasında münasibətlər düzgün qurulmayanda, övlad öz valideynlərindən sevgi, diqqət, qayğı görməyəndə sanki bütün bunları başqa yerdə axtarmağa cəhd edirlər. Hər bir övlad şəxsiyyət kimi ailədə formalaşır. Onun təməlini valideynlər qoyurlar. Sonradan  cəmiyyət, məktəb və s. kimi faktorların təsiri ola bilər. O övlad ki ailədə sağlam mühitdə böyüyür, diqqət, sevgi, qayğı görür, valideynləri onda özgüvən hissi formalaşdırırlar. Belə ailələrdə valideyn-övlad münasibətləri düzgün qurulur, məhz bu cür uşaqlar cəmiyyətdə daha sağlam olurlar, öz sözlərini rahat deyə bilirlər. Elə ailələr var ki, maddi durumları çətin olduğu üçün düşünürlər, ailə qursa, övladı daha gözəl həyat qazanacaq. Bu baxımdan erkən nikah qərarı verirlər. Bəzilərində isə adət-ənənə deyilən stereotiplər hələ də qalır. Düşünürlər ki, qız uşağı erkən ailə qurmalıdır, erkən yaşda ərə getməsə, sonradan onu istəyən olmaz. Sırf "qız yükü, duz yükü" kimi düşüncələri ilə övladlarının həyatını çox vaxt məhv edirlər...” 

 

Psixoloq valideynlərə çağırış edib: “Övladlarınızı erkən yaşda isti ata ocağından uzaqlaşdırmayın. İlk olaraq onları həm fizioloji, həm də psixoloji formalaşdırın. Bundan sonra qərarınızı verin, təbii ki, övladlarınızın seçim və istəklərini nəzərə alaraq. Çünki erkən nikahın həm fizioloji, həm də psixoloji baxımdan mənfi təsirləri çoxdur. Erkən nikaha girən qızlarımızın çoxu fiziki olaraq tam formalaşmayıblar. Özləri uşaq ola-ola sabah necə ana olacaqlar? Necə övlad tərbiyələndirəcəklər? Yəni bu kimi faktorlar var. Erkən nikahların ardından qızlarımız ana olanda onların bir çoxunda postnatal depressiya, qorxular yaranır. Lakin depressiyaya düşmə halları daha çoxdur. Hətta daha kritik vəziyyətlərə gətirib çıxaran situasiyalar olur”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub. 

 


Aytəkin Qardaşova 

 

Tarix: 31 Yanvar 2024, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin