BURADA REKLAMINIZ OLA
BİLƏR

Dini azadlıqlar pərdəsi altında təzyiq mühiti formalaşdırmaq istəyənlərin Azərbaycan qarşısında heç bir şansı yoxdur - RƏY

Azərbaycan dünya miqyasında millətlərarası münasibətlərin inkişafına töhfələr verir. Ölkəmizdə heç bir millətin dini azadlığı məhdudlaşdırılmır. Lakin Azərbaycanla müqayisdə xüsusən İslama qarşı olan Avropa ölkələrində hökm sürən İslamofobiya nəticəsində alçaldıcı davranışlar, müsəlmanlara qarşı təhqiredici hərəkətlər sərgilənir. Fransa, İsveç kimi ölkələri buna nümunə göstərmək olar. Buna baxmayaraq, irqçiliyin institutlaşdırıldığı və bu prosesin getdikcə dərinləşdiyi Fransa kimi ölkələr Azərbaycanı dini, etnik “ayrıseçkilikdə” ittiham edir. Halbuki təxribat xarakterli fotoşəkillərin hazırlandığı, müsəlmanların alçaldıldığı, “Qurani-Kərim” yandırıldığı ölkələr bütün dünyaya bəllidir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib ki, Avropa və ABŞ-nin Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqları “azərbaycanlılar ermənilərlə birgə  yaşamırlar ifadəsi” tam məntiqsiz və absurddur: 

“Qərb belə bir ifadə işlətməzdən əvvəl Azərbaycanın milli və etnik tərkibinə fikir versin. Həm də ölkəmizin Konstitusiyasını oxusun. Ölkəmizdə etnik mənsubiyyətinə görə heç kimə qarşı təzyiq göstərilmir. Konstitusiyada etnik  və dini mənsubiyyətindən asıllı olmayaraq bütün vətəndaşların hüquq və təhlükəsizlikləri bərabər şəkildə qorunur. Misal üçün, ölkəmizdə yaşayan, demək olar ki, bütün etnik qrupların nümayəndələri parlamentdə və yüksək dövlət vəzifələrində təmsil olunurlar. Savadı, bacarığı və vətəninə sədaqəti olan hər bir vətəndaş dövlət idarəçiliyində iştirak edir. O cümlədən ölkədə yaşayan bütün dini və etnik mənsublarının dilinin, mədəniyyətinin  və adət-ənənələrinin inkişaf etdirilməsinə dövlət dəstəyi göstərilir. Azərbaycan tolerantlıq səviyyəsinə görə dünyada nümunəvi ölkədir. Buna görə də Azərbaycanda milli zəmində heç vaxt münaqişə olmayıb. 44 günlük Vətən müharibəsində vətəndaşlarımız onun dini və etnik mənsubiyyətindən asıllı olmayaraq Ali Baş Komandanın çağırışına qoşuldular və “Dəmir yumruğa” çevrilərək ölkə ərazilərini erməni işğalından azad etdilər. Bakının mərkəzində uzun illərdir, erməni kilsəsi qorunub saxlanılır. Əgər Azərbaycan Ermənistan kimi başqa millətlərə diskriminasiya və təzyiqlə yanaşsaydı, ermənilərin İrəvanda dağıtdıqları kimi Bakının mərkəzindəki erməni kilsəsini də çoxdan söküb yerində yaraşıqlı müasir bir bina ucaldılardı. Məhz həmin kilsənin 5 mindən çox erməni ədəbiyyatı ilə birgə qorunub saxlanılması ölkəmizdəki tolerant mühitin göstəricisidir. Həm də illərdir, Qarabağdan kənarda ölkəmizin ərazilərində on minlərlə erməni əsilli vətəndaşımız  yaşayır. Onlara güldən ağır söz deyən yoxdur. O cümlədən dünyanın istənilən ölkəsində ermənilərlə azərbaycanlılar dostluq şəraitində yaşayırlar. Belə olan halda, Qarabağda və Qərbi Zəngəzurda azərbaycanlılarla ermənilər niyə birgə yaşaya bilməsinlər? Hesab ediərm ki, bu mövzunu ortaya atanlar regionda sülhün yaranmasını istəməyənlərdir. Qərbin özündə İslamofobiya, irqçilik və diskriminasiya gündən-günə dərinləşməkdədir. Məhz bu gün azərbaycanllarla ermənilərin birgə yaşaya bilməyəcəklərini deyən ölkələrin özlərində məscidlərə donuz kəllələri atılır, divarlarında təhqiredici yazılar yazılır və İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”i cırıb yandırırlar. Onlar əvvəlcə öz ölkələrində mövcud İslamofob və irqçilik siyasətində düzəlişlər etsinlər. Sonra da kimin kiminlə birgə yaşaya bilib-bilməyəcəyi ilə bağlı fikir ifadə etsinlər. Qərbin bu gün Azərbaycanla bağlı belə mövzularda  söz deməyə heç bir haqqı yoxdur”. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə deyib ki, müasir beynəlxalq hüquq normalarında əksini tapan əsas prinsiplərdən biri dövlətlərin əməkdaşlığı məsələsidir: 

“Azərbaycan Respublikası da beynəlxalq hüququn aliliyinə hörmət edən qlobal subyekt kimi ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyəti olaraq bəyan edib. Eyni zamanda Azərbaycan başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir, münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. Cənab İlham Əliyevin dediyi kimi, “Etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik". Əksinə, Ermənistan 30 il davam edən, beynəlxalq sənədlərdə təsbit olunan işğal və təcavüzü dövlət siyasətinə çevirmiş, ölkədəki bütün etnik kimlikləri, o cümlədən bu bölgənin əsl sahibləri olan azərbaycanlıları didərgin salmaqla yalnız ermənilərdən ibarət monoetnik bir dövlət modeli yaradıblar. Bu gün müasir Ermənistan ərazisi olan Qərbi Azərbaycanda türk-İslam izinin itirilməsi istiqamətində dövlət siyasəti çərçivəsində iş aparılır. Faktdır ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. Sovet hakimiyyətinin son dövrlərinə qədər həmin məscidlərin 350-dən artığının binası mövcud idi. Bu gün isə Ermənistanda erməni-Qriqoryan kilsəsindən başqa faktiki olaraq real fəaliyyəti olan ibadət ocağı yoxdur. Təbii ki, aidiyyəti insan haqları təsisatları, eyni zamanda özünü bu standartların etalonu hesab edən beynəlxalq subyektlər bu reallığı bilir. Lakin sirr deyil ki, insan haqları, demokratiya, hüququn aliliyi kimi məsələlər müasir dünya düzənində ABŞ, Fransa, Kanada, Niderland və s. kimi beynəlxalq subyektlər üçün sadəcə maraqların realizəsi naminə vasitədir.  Avropa Birliyi və Avropa Şurası kimi təsisatlar isə sadəcə bu vasitələri işə salmaq üçün mexanizmdir. Qərbin iradəsinə tabe olmayan, marionetə çevrilməyən, müstəqil iradə sahibi olan dövlətlərə məhz bu alət və mexanizmlər vasitəsi ilə təzyiq olunur. Yəni son nəticədə ABŞ, yaxud Fransanın məqsədi bəşəri dəyərlər yox, özlərinin maraqlarının təmin olunmasıdır. İşğalçı, təcavüzkar, monoetnik Ermənistan Qərbin “himayəsinə” keçməyə hazır olduğu üçün bu ölkədə müşahidə olunan heç bir pozuntu, tapdanan heç bir dəyər, o cümlədən son 30 ildə Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənmiş işğal və təcavüz siyasəti nəticəsində 1 milyondan artıq insanın təməl haqlarının pozulması, mövcud 67 məsciddən 63-nün yerlə-yeksan edilməsi, yüzlərlə müsəlman qəbiristanlığının vandalizmə məruz qalması Qərb üçün önəmli deyil. Amma ABŞ qlobal müstəvidə multikulturalizmin təhlükəsizlik adası olan Azərbaycanı  guya erməniləri “etnik təmizləməyə məruz qoymaqla” “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” kimi xarakterizə edərək heç bir meyara sığmayan "qara siyahısına" salır”. 

 

Deputat bildirib ki, Cənubi Qafqaz kimi mürəkkəb regionda etnik və dini azlıqlar üçün ideal birgəyaşayış modeli, təhlükəsizlik adası olan Azərbaycan haqqında dini azadlıqlarla bağlı əks iddia gülüncdür: “Bu mənada artıq Qərbin nə deməsinin önəmi yoxdur, biz yeni reallıq yaratmış, regionun əsas güc sahibinə çevrilmiş dövlətik. Biz yalnız bərabərhüquqlu əməkdaşlıqlara açığıq, regionda diqtə etmək, daxili işlərimizə qarışmaq istəyənlərə, insan haqları, o cümləddən dini azadlıqlar pərdəsi altında təzyiq mühiti formalaşdırmaq istəyənlərin bu bölgədə Azərbaycan qarşısında heç bir şansı yoxdur”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

 

Tarix: 3 Fevral 2024, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin