BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkət menecerinin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində işlədiyi xarici şirkətə məxsus külli miqdarda pulu mənimsəmədə və oğurlamaqda təqsirləndirilən Elçin Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 
 

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

 

Qeyd: Bir müddət əvvəl Türkiyənin “FCB Artgroup” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdə bildirilib ki, şirkətin Azərbaycandakı nümayəndəliyində reklam üzrə mütəxəssis (əmək müqaviləsi üzrə SMM meneceri) vəzifəsində işləmiş 1990-cı il təvəllüdlü Elçin Tağıyev gizli yolla şirkətə məxsus 160 min dollardan çox pulu mənimsəyib.
Müraciət əsasında aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb. Məlum olub ki, Elçin şirkətin sosial şəbəkə səhifələrində reklamların yerləşdirilməsi üçün səlahiyyətə malik olub. O, şirkətə məxsus bank kartlarını sosial şəbəkələrə daxil edib. Lakin təyin edilmiş məbləğlərdə reklam paylaşımları etməyərək 500 min dollarlıq reklam büdcəsinin 160 min dollarını özünə yönləndirib. O, işlədiyi şirkətə məxsus bank kartları ilə digər reklam verən şəxs və qurumların reklamını həyata keçirib və 170 min dollara yaxın pul əldə edərək özününküləşdirib.

 

Bundan sonra SMM meneceri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 177.3.2-ci maddələri (mənimsəmə və oğurluq- külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb.

 

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. İstintaq müddətində polisin nəzarəti altında olan və başqa şirkətdə dijital menecer vəzifəsini tutan Elçin Tağıyevə ötən il dekabrın 8-də hökm oxunub. Hökmə əsasən, ona 2 il müddətə reklam işi sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il həbs cəzası verilib. Elçin Tağıyev məhkəmə zalındaca həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2024, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin