BURADA REKLAMINIZ OLA
BİLƏR

Təvəkkül Səlimov: "Bir qadın pis yola düşmək istəyirsə, onu seyfdə də saxlasan, yenə pis yolun yolçusu olacaq"

"Heç bir sosial şəbəkəni bağlamağa ehtiyac yoxdur, bunun əleyhinəyəm. “TikTok”u bağlamaqla iş düzəlmir. Deyək ki, siqareti ləğv etdik, axı ondan da bəd əməllərlə məşğul olurlar. “Ot”dan, narkotik maddələrdən yenə də düzəldirlər. Yəni bağlamaq mübarizə üsulu deyil. “TikTok”u bağlayacaqsan, gedib “İnstaqram”da eyni şeyi edəcəklər. Mən köhnəliyə, adət-ənənələrin saxlanılmasına meyilli adamam. Sən evdə qızını geyindirib məktəbə yola salanda, oğlunu hansısa işin arxasınca göndərəndə geyiminə baxmırsansa, uşaqların yanında səviyyəsiz formada danışırsansa, valideyn oğluyla “rumka-rumka”ya vurursa, buna “TikTok” nə etsin? Ailələrin boşanmalarında sosial şəbəkələr də rol oynayır, lakin sən evdə övladına yaxşı tərbiyə vermisənsə, o da “TikTok”da hansısa alimin araşdırmasına, faydalı şeylərə baxar. İran  “Tik Tok”u bağlayıb, bəyəm İranda əxlaqsızlıq yoxdur?!”

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi Təvəkkül Səlimov deyib. 

 

Alim bildirib ki, bu gün fəaliyyət göstərən Azərbaycan televiziya kanallarına nifrət edir: “Əxlaqsızlığı elə özəl kanallar yayırlar. Aparıcıların tərbiyəsi, geyimi, adi danışıq qaydası yoxdur... Ailələrin dağılmasının guya qarşısını almaq istəyirlər, “ailə problemləri”, “sosial proqramlar” adı ilə veriliş düzəldirlər. Bunlar sosial proqram deyil. Əksinə, sən o verilişlərdə ailələrin dağılmasına şərait yaradırsan. Küçə qadınlarını ekspert kimi əyləşdirirsən. Heç biri özünü apara bilmir. Ümumiyyətlə, əxlaqı kanallar korlayır. Bu kanallar səhərdən axşama, axşamdan səhərə qədər ancaq xalqını kormalağı qarşılarına məqsəd qoyub. Mən 1991-ci ildən telekanallarda olan adamam, ekspert kimi iştirak etmişəm. “Ailələr-talelər” və s. İndi verilişlərə çağırırlar, getmirəm. Çünki mənasız, gic-gic söhbətlər aparırlar. Əslində, “əxlaq" verilişləri insanları əxlaqsızlığa yönəldir. “TikTok”un heç bir günahı yoxdur. Boş söhbətlərdir. “Tik Tok”u bağlamaqla dünyanı özümüzə güldürməməliyik. Beynəlxalq baxışı nəzərə almaq lazımdır. Deməzlər ki, bunlar yenidən qapalı həyat tərzinə qayıdırlar? Bizə gülərlər, vallah. Axı təkcə özümüz üçün yaşamırıq. Dünya bizə, biz də dünyaya baxırıq. Sadəcə, bir az sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Camaatın mənəviyyatına toxunan fikirləri yayımlamasınlar. Hər murdar sözləri ora çıxarmasınlar. Buna nəzarət etmək olar. Bir qadın pis yola düşmək istəyirsə, onu seyfdə də saxlasan, yenə pis yolun yolçusu olacaq. Həqiqətən belədir. “TikTok” vasitəsilə dünyanın hər yerindən məlumatlar gəlir, biz də öyrənirik. Mənə elmlə əlaqədar nəsə lazım olur, “TikTok”a, “Youtube”a baxıram. Hərçənd dərindən bilmirəm, amma ondan faydalanıram. Əksinə, maarifləndirici məsələlərin təbliğinə yol açmaq lazımdır. Sosial şəbəkələrdə də əxlaqdan danışsınlar, amma kanallarımız kimi biabırçı vəziyyətə gəlib çıxmasınlar”. 

 

Aytəkin Qardaşova

Tarix: 12 Fevral 2024, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin