BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının "Dakar meydanı"nın adı dəyişdirilə bilər

Bakının Nizami rayonu, "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşən məşhur "Dakar meydanı"nın adının dəyişdirilməsi təklif edilir. Sözügedən meydan Seneqalın paytaxtı Dakar şəhərinin şərəfinə belə adlandırılıb. Belə ki, Bakı və Dakar şəhəri hələ 1967-ci ildə qardaşlaşıblar. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" ("Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno hər kəsə tanışdır. Sosial şəbəkələrdə müzakirələr zamanı paytaxtda illərdir, XX əsrin ortalarından qalan bu kimi meydan və prospektlərin, küçələrin adlarının milli qəhrəmanların, tanınmış şəxsiyyətlərin adı ilə əvəzlənməsi təklif edilir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Pravda.az-a açıqlamasında bildirib ki, bu məsələlərə baxıla bilər: 

 

“Sovet dövrünün qardaşlaşmış şəhərləri və başqa anlayışlar indi ortadan qalxıb. Buna görə də sözügedən meydanın adının dəyişdirilməsi istiqamətində addım atıla bilər. Məsələni doğru müzakirə edib, qərar qəbul etmək mümkündür. Dakar adını həmin ərazidə saxlamağın elə bir mənası qalmır. Amma xüsusi dəyərlər var ki, onlara toxunmaq olmaz. İstər Avropaya, Rusiyaya aid və başqa ümumbəşəri dəyəri ifadə edən şəxslərlə bağlı elə adlar varsa, bunlara toxunmaq olmaz. Lakin bütövlükdə bəzi uyğunsuz adların dəyişməsi mümkündür. Müzakirə edəndən sonra həmin küçə və prospektlərə daha əhəmiyyətli adların verilməsi nəzərdə tutula bilər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 12 Fevral 2024, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin