BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba Vəziroğlu: "Bir vaxtlar əsib-coşurdum ki, 14 fevral nədir, keşişin sevgisindən danışan bir gündür..."

""Sevgililər günü" barədə dar çərçivədə düşünmürəm. Fikrimcə, 365 gün sevgi günü olmalıdır. 30 iyun tarixini "Sevgililər günü" kimi təsis edənlərdən, bəlkə də, birincisi elə mən olmuşam. Çünki İlham və Fərizənin ailəsi ilə yaxın idim. O vaxtlar İlhamla dostluq etmişəm. Rəhmətlik İlham və Fərizəni həyatda tanımışam. Bir vaxtlar mən də belə əsib-coşurdum ki, 14 fevral nədir, keşişin sevgisindən danışan bir gündür. Sonra düşündüm ki, bütün dünyada sevgi günü bir gündür, qoy bizdə iki gün olsun. Onsuz da dünyaya tolerantlığımızdan, mədəniyyətimizdən, qonaqpərvərliyimizdən nümunə göstəririk. Qoy iki gün olsun, nə olacaq ki? Burda nə var?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

 

O bildirib ki, çox az adam 14 fevralın yaranma tarixçəsini bilir: “Elə bilirlər ki, bu tarix sevgi günüdür. Həmin gün fərqinə varmadan insanlar bir-birilərinə xoş söz deyir, gül alıb gətirir. İnsanın sevgisini izhar etmək üçün bir şansdır. Bunu 30 iyunda da, 14 fevralda da, lap 15 fevralda da, 8 noyabrda, 18 dekabrda da etmək əladır. Təki qara günlər çox olmasın. Bizim tariximizdə qara günlər çox olub. Ən azı 10 rayonunun işğalı günü. Hərdən öz yadımızdan da çıxırdı. Televiziya verilişlərinə gedəndə zarafat edəndə tez yadımıza düşür ki, bu gün Ağdamın, Şuşanın işğal günüdür. Yəni matəm günlərimiz o qədər çox idi. Hər halda 14 fevralı faşistlər, erməni faşistləri yaratmayıb. Biz BMT-nin üzvü olan ölkəyik. BMT-nin qərarı ilə 14 fevral "Sevgi günü" kimi elan olunub. Mənim nəyimə lazımdır, o vaxt keşiş nə edib, nə etməyib? 30 iyun da İlhamla Fərizənin məhəbbət dastanı günüdür. Bu barədə Sovet vaxtı “Məhəbbət dastanı” adlı televiziya filmi çəkən adamam. Mən tərədarıyam ki, nə onu yalanlayaq, nə də 14 fevralı qaldıraq. Sevgi gününü yalanlamaq olar? Sovet ordusu gününü qeyd etmirik ki. 20 Yanvarda gəlib camaatı qırdı. Buna görə də "Sevgililər günü"nə heç bir etirazım yoxdur, qoy olsun”. 

 

B.Vəziroğlu 14 fevralla əlaqədar bankların, ticarət mərkəzlərinin endirim kampaniyası təşkil etməsini təşviqat kimi dəyərləndirənlərə isə belə cavab verib:  “Banklar onsuz da milləti soyurlar, heç olmasa ildə bir gün, hansı gün istəyirlərsə, endirim etsinlər. Müəyyən kampaniyalar keçirir, endirim edirlərsə, sağ olunslar. Özlərinə hansı gün xoş gəlir, onda etsinlər, təki etsinlər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 12 Fevral 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin