BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu Naxçıvandakı vəziyyətdən danışdı

“Naxçıvana hələ getməmişəm, amma hazırda sərbəst gedib-gəlməyə imkan var. Heç kimə artıq söz demirlər. Kim istəyirsə, rahat şəkildə Naxçıvana gedə bilər. Mənim üçün bu, müsbət dəyişiklikdir. Çünki biz Naxçıvana gedə bilmirdik, gedəndə arxamızca polis gəzirdi”.

 

Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışından nəticə çıxarmağın vacib olduğunu vurğulayıb: “Prezident bütün məmurlara, millətə çağırışı etdi ki, bu gün hamımız birgə olmalıyıq. İndiki məqam üçün bu çağırış çox vacibdir”.

 

O, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin fəaliyyətinə toxunaraq qeyd edib ki, o, intellektual insandır, işi bacarır: “Naxçıvan məsələsi mənim üçün çox aktualdır. Gözləyək, bir az zaman keçsin, Naxçıvanda da hər şey düzələcək,  yaxşı olacaq. Qohum-əqrəbam da deyir ki, narazılıqlar var. Hər şeyə dözümlü münasibət bəsləyin. Baxın, dünya dağılır. Narazılıqlar harada yoxdur? İndi bütün dünya narazılıq içindədir. Kiminsə konflikti, müharibəsi var, kiminsə iqtisadi vəziyyəti ağırdır... Narazılıqlar olacaq, amma çalışaq ki, bu çətin zamanda hamımız bir yerdə olaq. Müxalifət də bir az kəskin çıxışlarını kənara qoysun. Əksikliklər var, bunları düzəltmək üçün hamımız bir yerdə çalışmalıyıq. Tənqid edin, amma düşməncə yox. Birlikdə bu dövləti, milləti qorumaq lazımdır”.

 

N.Cəfəroğlu Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışından milli azlıqlar məsələsini xüsusi önə çəkib: “Milli azlıqlar barədə də gözəl çıxış etdi. Hər şeyi bunun əsasında qurmaq lazımdır ki, milli azlıqlar bizim can qardaşlarımızdır. Doğrudan da, Azərbaycanımız kimi başqa millətin nümayəndələrinə hörmət edən, onlara qucaq açan ikinci ölkə yoxdur. Təbii ki, hər şey qarşılıqlıdır, milli azlıqların da bizə məhəbbəti var. Onların torpaq uğrunda vuruşmaları Prezidentin çıxışında ayrı bir xətt idi. Çox xoşum gəldi. Buna görə deyirəm ki, gəlin, bir-birimizə qulaq asaq. Dünya bir-birinə dəyib, biz isə balaca dövlətik. Biz bir yerdə olmasaq... İlham Əliyev məmurlara da xəbərdarlıq etdi ki, dəyişikliklər olacaq, siz də bu dəyişikliklərə hazır olun. Açıq-aydın deyirdi ki, hər bir insana dəyər vermək lazımdır... İstərdim ki, bütün siyasi motivlə həbs edilən jurnalistlər azad edilsin. Bu, hökumət tərəfindən müsbət addım olardı”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Fevral 2024, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin