BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan üçün başlayan yeni mərhələdə regionlara daha çox diqqət ayrılmalıdır - RƏY

Azərbaycanda regionların stabil inkişafı uzun müddətdir ki, dövlətin qarşısında duran prioritet vəzifələrdəndir. Sosial-iqtisadi inkişafın təşviqi həm də ölkənin dayanıqlı inkişafını şərtləndirir. Təbii ki, bu istiqamətdə tarazlığın əldə olunması və qorunub-saxlanılması regionların sərvətlərindən, təbii şəraitindən səmərəli istifadə edilməsindən, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasından, qeyri-neft və emal sənayesinin, xidmət, o cümlədən digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin edilməsindən, məşğulluq səviyyəsinin yüksəldilməsindən, nəticədə əhalinin güzəranının daha da yaxşılaşdırmasından xəbər verir. 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkiləri ilə artıq Azərbaycan üçün bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də yeni eranın təməli qoyuldu. Bakı-Abşeron zonası ilə ölkənin digər regionaları arasında, regionların özləri arasında kəskin fərqlər qalmaqda davam edir. Məhz buna görə də ölkə üçün başlayan yeni mərhələdə regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin aradan qaldırılması, tarazlı inkişafın təmin edilməsi, mövcud idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və iqtisadi inkişaf sürətlənməsi üçün daha səmərəli mexanizmlərin yaradılması zəruridir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hesab edir ki, regionların iqtisadi-sosial inkişafının təbliğatı və təşviqatı yaxşı mənada çox aqressiv olmalıdır:

“Təbliğat-təşviqat kampaniyaları kifayət qədər sürətləndirilməli, artırılmalıdır və jurnalistlərdə, televiziyalarda maraq doğurmalıdır. Bu işi örnək kimi uğurlu sahibkarların fəaliyyəti ilə əlaqədar aparmaq olar. Məsələn, uğurlu sahibkarlar hansı işləri görürlər, nə kimi layihələr həyata keçirirlər, yaxud bütün bunlarda hansı mexanizmdən istifadə edirlər? Yəni gərək, həmişə uğurlu insanları ictimaiyyətə təqdim edək, göstərək ki, onlar bu işlə məşğul olanlara yol göstərsinlər, tövsiyələr versinlər”.

 

İqtisadçı-ekspert Eyyub Kərimli isə düşünür ki, Azərbaycan üçün başlayan yeni mərhələdə regionlara daha çox diqqət ayrılmalıdır:

“Regionların iqtisadi potensialı yenidən formalaşmalı, tətbiq edilməlidir. Əsasən, əkin torpaqlarının təyinatı ilə bağlı yeni araşdırmalar, təhlillər həyata keçirilməlidir. Hər regionun spesifikasına, iqliminə, xüsusiyyətlərinə uyğun onun iqtisadi potensialının yenidən formalaşması üçün ciddi tədqiqatlar aparılması vacibdir. Bilirsiniz ki, biz gələcəkdə qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli layihələr həyata keçirmək istiqamətində hədəf götürmüşük. Sözsüz ki, kənd təsərrüfatı sahəsində yeni innovativ texnologiyaların tətbiqinə də geniş yer ayırmalıyıq. Bu sahədə təcrübəsi  olan ölkələrlə ciddi, yaxından əməkdaşlıq etməliyik. Məhsuldarlığın artırılması üçün yeni sortların tətbiqi, ölkə fermerlərinin ixrac imkanlarının artırılması üçün daha çox təşviqat işlərinin aparılmasına və onlara bu sahədə dəstək göstərilməsinə ehtiyac var. Çünki bəzi hallarda biz kənd təsərrüfatı məhsullarının xaricə ixrac edilməsində çətinlik çəkirik. Beləliklə, fermerlərə bu sahədə geniş dəstək proqramları həyata keçirilməlidir. Digər tərəfdən, regionlarda maliyyə əlçatanlığının təmin edilməsinə böyük ehtiyac var. Fermerlərimiz üçün maliyyə dayanıqlılığı, güzəştli maliyyənin çıxışları, yəni müəyyən güzəştlərin tətbiqini daha da genişləndirməliyik. Həmçinin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatında da şaxələndirilmiş və diversifikasiya edilmiş iqtisadi siyasət həyata keçirilməlidir. Əlbəttə ki, işğaldan azad olunmuş bölgələrimizə daha çox diqqət ayrılmalıdır. Çünki Qarabağda artıq yeni iqtisadi fəaliyyət növü başlayacaq. Orada daha düzgün iqtisadi fəaliyyətin həyata keçirilməsinə böyük ehtiyac var”.

 

E.Kərimli bildirib ki, regionlarımıza investisiya cəlbi üçün geniş mübit şərait yaradılmalı, təbliğat işləri də aparılmalıdır: “Çalışmalıyıq ki, Qarabağa xarici investisiyanın yönəldilməsinə dəstək olaq. Qeyd etdiyimiz bütün kənd təsərrüfatı sektorunun, regionlarda emal sektorunun inkişafına və xarici ixrac imkanlarının genişləndirilməsinə, xarici təcrübədən istifadə edilməsinə münbit şərait yaradılmalı, araşdırılmalıdır. Regionlarda kiçik istehsal müəssisələrinin yaradılmasına da diqqət ayrılmalıdır”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 17 Fevral 2024, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin