BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifəli şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, həmin qərardan məhkuma Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cəza təyininə dair müddəalar xaric olunub, Sübhan Tağıyevin 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

 

Xatırlatma: Sübhan Tağıyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun cəzasını 2 il 8 aya endirmişdi.

 

İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə "Akşin" olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
 

Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
 

Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.

 

Kamal Məmmədov

 

Tarix: 27 Fevral 2024, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin