BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı: "Novruz bayramında qapı pusulur, papaq atılıb dilənilirsə, təlxəklik işə qarışırsa, bu, düzgün deyil"

Bu il Ramazan ayının Novruz bayramı ərəfsinə düşməsi müzakirəsiz ötüşməyib. Bildirilir ki, Novruz atəşpərəstlərin bayramıdır, bu ənənənin İslam dini ilə əlaqəsi yoxdur. Ümumiyyətlə, Novruz ərəfəsində qeyd edilən çərşənbələr, tonqalın üzərindən hoppanmaq da dinə zidd əməldir. Müzakirələr zamanı bu da bildirilib ki, Novruz ərəfəsində insanlar oruc tutacaqlar, şəkərbura, paxlava və s. kimi əziyyət tələb edən şirniyyatların hazırlanması düzgün deyil.

 

Pravda.az-a fikirlərini bölüşən ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan müzakirələrlə bağlı belə deyib: “Əslində bayram o gündür ki, insanın rifahı, xoşbəxtliyi həmin günə təvafüq edir. Xalqımızın da bir neçə ənənəvi bayramı var. Lakin müsəlman aləmində iki böyük və vacib bayram Qurban və Ramazan bayramlarıdır. Novruz dini yox, milli bayram sayılır. Tarixi kökünün ilk dəfə hansı xalqdan yarandığı isə tam məlum deyil. Bunu farsların, türklərin adına çıxanlar da var. Ergenekon əsilli olduğu, atəşpərəstlikdən gəldiyi də deyilir. Hər bir halda yazın gəlişi, təbiətin oyanması insanların maddi cəhətdən sevincinə səbəb olmasa da, mənəvi cəhətdən fərəhinə gətirib çıxarır və bu ərəfədə sevinmək, şadlanmaq olar. Di gəl ki, dinimizə və milli kökümüzə zidd olan adətlər doğru deyil. Tutaq ki, insanlar bir-birinə qonaq gedir, xəstələri yoluxur, müxtəlif şirniyyatlar, yeməklər hazırlanır, aclar doyur, kasıblara yardım edilirsə, bu, gözəldir və din də buna qarşı çıxmır. Yox, əgər qapı pusulur, papaq atılıb dilənilirsə, təlxəklik işə qarışırsa, bu, düzgün deyil, hələ dini cəhətdən günah olması bir yana, bu adətlər hüquqi məsuliyyət də yarada bilər. Kiminsə gizlin evinə girib, qapısını pusmaq casusluqdur. “Quran”da Allah bunu qadağan edir və müvafiq qanunvericilik qaydalarına görə də cəzası var. Yaxud kiminsə həyətinə daxil olub qapısını açıb papaq atmaq. Bu da düzgün deyil. Evdə xəstə, uşaq ola bilər, qəfil qorxa, xəstələnə bilər. Bayramı bayram kimi, bir qədər dövrün adətlərinə, müasirliyə uyğun keçirmək lazımdır. Novruz  bayramı da reform olunmalıdır. Köhnə, lazımsız detallar çıxmalıdır. Yumurta döyüşdürmək udub-uduzmaq müqabilində mənfəət qarşılığında olarsa, bu da günahdır. Yox, əylənmək üçün olarsa, eybi yoxdur. Bunlara baxdıqda Ramazan günlərinin Novruza tən gəlməsində bir uyğunsuzluq yoxdur. Novruz günlərində onsuz da insanlar əsasən axşamlar yeyib-içir, istirahət edir. Gündüz oruc olub, axşam da Novruz süfrəsinə əyləşmək daha gözəl olar. Oruc tutanlar özləri də bilir ki, Novruz dini yox, milli bayramdır və gündüzlər oruclu halda olmaq buna xələl gətirməz. Kim qarnını düşünürsə, hər gün yeyə bilər. Kim Allahı düşünürsə o, riayət edəcək. Atəşpərəstlik ünsürləri Novruzda daha çox olduğu üçün bu bayramın dini cəhətdən heç bir əsası yoxdur. Əksinə, bu bayramda insanlar o qədər yeyir ki, əksərinin şəkəri, təzyiqi qalxır, bayramdan sonra həkimlərdə qalırlar. Orucluq isə sağlamlıqdır, insanın mənəviyyatı, ruhu çox yeməklə yox, əksinə, ac qalmaqla, oruc tutmaqla inkişaf edir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 29 Fevral 2024, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin