BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Ramazanla bağlı verilişdə mahnı oxunmasının tənqid edilməsinə münasibət bildirdi

"Space TV"də şərqşünas Seyid Camal Əzimbəylinin təqdimatında  yayımlanan “İnam" verilişinin ötən gün efirə gedən Ramazan buraxılışı müzakirələrə səbəb olub. Dini kontekstdə hazırlanan verilişdə qonaq qismində əyləşənlər arasında Əməkdar artist Zakir Əliyevin də yer alması, iftar zamanı Azan verməklə bərabər mahnı oxuması tənqid edilib. Bildirilib ki, Ramazanla bağlı verilişdə mahnıya, sənət adamlarına yer verilməsi düzgün deyil və verilişə baxış sayı yığmağa hesablanıb. 

 

Pravda.az verilişə qonaq qismində dəvət olunan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun bu barədə fikirlərini öyrənib. 

 

Deputat açıqlamasında bu yanaşmanı kökündən yanlış hesab etdiyini deyib: “Azərbaycan dünyəvi dövlətdir. Belə verilişlərdə zaman-zaman müxtəlif musiqilərə yer verilməsi də təbii və normal qəbul edilməlidir. Burada heç bir qəbahət görmürəm. Verilişdə mən də iştirak edirdim, Zakir Əliyev orada milli ruhda mahnılar oxudu. Mahnılardan biri Qarabağla, digəri Türk Dünyasının birləşməsi ilə  bağlı idi. Görünür, Türk Dünyasının birləşməsindən narahat olanlar var. Buna görə də belə çağırışları qəbul etmək istəmirlər. Niyə tənqid edənlər qiymətləndirmədilər ki, Zakir Əliyev o verilişdə Azan oxudu. Bir müğənni Azan oxuyur və ən yüksək səviyyədə onu ifa edir. Belə müzakirələr həm də şüur səviyyəsinin kifayət qədər inkişaf etməməsindən irəli gəlir. Biz yaxşı əməllərə yüksək qiymət verməyi bacarmalıyıq. Bu cür müzakirələr aparan insanları anlaya bilmirəm. Çox təəssüf ki, onlar hər bir məsələdə nəsə problem görməyə, problem kimi təqdim etməyə vərdiş ediblər. Bu, qəbuledilməz yanaşma və izahdır. İnsanlarımız belə məsələlərdə diqqətli olmalı, görülən işləri düzgün və yüksək qiymətləndirməyi bacarmalıdırlar. Bu verilişlərə yalnız dindar insanlar baxmır. Qeyri-dindar insanlar da baxır. Telefon zəngləri də göstərirdi ki, insanların çoxu belə verilişləri izləyirlər. “İnam” verilişi Azərbaycanda din sahəsinə yeni nəfəs gətirən verilişdir və insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. İnsanlar tənqid etməklə nə demək istəyirlər, mən anlaya bilmirəm. Verilişi çox yüksək qiymətləndirirəm. Ona görə yox ki, orada iştirak etdik. Ümumiyyətlə, sözgedən verilişlə bağlı hansısa ittiham səsləndirilirsə, heç bir əsası, ciddi arqumenti yoxdur. Bu, apardığımız maarifləndirmə işinə də kölgə salmaqdan başqa bir şey deyil. Bu cür addımlar yalnız təbliğ olunmalı, yüksək qiymətləndirilməlidir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 12 Mart 2024, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin