BURADA REKLAMINIZ OLA
BİLƏR

İmsakda pendir yemək olmaz? - İlahiyyatçı aydınlıq gətirdi

Bir sıra ilahiyyatçıların müsəlmanın imsakda pendir yeməsinin arzuolunmaz əməl olduğunu demələri müzakirə yaradıb. Onların iddialarına görə, bu barədə İslam dinində hədislər var ki, imsakda pendir yemək sağlamlığa ziyandır, lakin pendir qozla birlikdə yeyilsə, icazəlidir.

 

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan isə Pravda.az-a açıqlamasında deyib ki, imsak və iftarda müsəlman, gərək, həm özünü, həm də başqalarını narahat edəcək qidalardan istifadə etməsin: 

“Məsələn, soğan-sarımsaq yeyib məscidə getmək, yəni başqalarını narahat edə biləcək, qoxuverici qidalar məkruh yox, ədəbə uyğun deyil. Pendirin qozla yeyilməsinə gəlincə, fars müəllifin yazdığı hədis kitabında İmam Cəfər Sadiqdən hədis nəql ediblər. Lakin o hədisdə imsakda pendirin yeyilməsinin məkruh olduğu deyilmir. İzah olunur ki, pendirin tərkibində bəzi zərərli maddələr var ki o maddələr ancaq qozla yeyildikdə təsir göstərmir. Ən yaxşısını tibb mütəxəssisləri bilər. Farsların nəql etdiyi hədislər onsuz da şübhəlidir. Bir gün Molla Nəsrəddin arvadına imsakda deyir ki, pendir gətir, yeyək, çünki pendir gözəl nemətdir, həzmi yaxşılaşdırır, rəngi açır, gözləri işıqlandırır... Arvad geri dönüb deyir ki, Molla, sən demə pendir qurtarıbmış. Molla deyir, yaxşı ki, qurtarıb, pendir cana ziyandır, mədəni narahat edir, dişləri çürüdür, bədəni ağırlaşdırır... Arvadı soruşur ki, Molla, bəs bayaq tərifləyirdin? İndi sənin hansı sözünə inanaq? Molla Nəsrəddin cavab verir ki, arvad, əgər evdə pendir olsa idi, birinci dediyimə, madam ki, yoxdur, onda ikinci dediyimə inan. İndi bəzi xurafatçılar da öz məqsədlərinə, nəfslərinə, qondarma inanclarına uyğun olaraq hədislər, nəqllər, kitablar ortaya qoyurlar. İmsakda, iftarda istənilən yeməyi yemək olar. Bununla bağlı verilən istənilən əks fətva batildir. Çünki qəti dəlil olan hökmə qarşı fətva vermək üsuli-fiqhdə də, fiqhdə də batildir. Nəss müqabilində ictihad küfrdür. Sadəcə, iftarı Peyğəmbər su, yaxud xurma ilə açarmış. İftar açarkən öncə duru yeməklər, yaxud su qəbul etmək lazımdır ki, bu da səhhətə görədir, şəriətə görə yox. Orucluq haqqında nə qədər ki, qondarma sözlər var, onların hamısını İranda oxuyanlar, yaxud onların təsirində olanlar söyləyir. Əhli-Beyt İmamlarının adına milyonlarla hədis uydurub indi də danışırlar. Əsla belələrinin İslamla əlaqəsi yoxdur. Əksinə, onlar İslamı təhrif edib fars ideoloji-siyasi xəttinə uyğunlaşdırmaq istəyirlər. Oruc tutanlar “Quran”a və Peyğəmbərin özündən nəql edilən səhih, mütəvatir hədislərə baxsınlar. Müəllifi iranlı olan istənilən kitab ideoloji zəhərdir”.

 

Aytəkin Qardaşova 

Tarix: 12 Mart 2024, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin